Mayın 30-dan iyunun 26-dək Moskvada Rusiyanın Teatr Xadimləri İttifaqının Beşinci Beynəlxalq Yay Teatr Məktəbi keçiriləcək. Layihə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirdə iştirak etmək üçün Azərbaycandan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva və “Can as” studiyasından Mahir Cananov dəvət olunublar. Məktəbdə digər MDB ölkələrindən daha 85 gənc aktyor iştirak edəcək.
   Yay məktəbinin dinləyiciləri bir ay ərzində Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldəcəklər. Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şapiro, Andrey Moquçiy, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimlərinin ustad dərsləri nəzərdə tutulub.
   Xatırladaq ki, bu il layihənin fəaliyyətinin beş ili tamam olur. Ötən müddət ərzində məktəb dünyanın 38 ölkəsindən 400 aktyor üçün ikinci əsil sənət məktəbinə çevrilib.
   Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1 plastik) hazırlanacaq. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serpuxov teatr meydanlarında olacaq.