Dövlət Musiqili Komediya Teatrı nəzdində “Günay” yaradıcılıq studiyası 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə “Qızıl açar və ya Buratinonun macəraları” nağılının motivləri əsasında hazırlanmış tamaşanı nümayiş etdirib. Rus yazıçısı Aleksey Tolstoyun məşhur əsəri ilk dəfə Azərbaycan dilində təqdim olunub.
   Tamaşadan əvvəl teatrın direktoru Əliqismət Lalayev uşaqları təbrik edərək deyib ki, əsərin səhnələşdirilməsində yaradıcılıq studiyasının balaca aktyorları da iştirak ediblər. Onlar dekorasiyalar, kostyumlar hazırlayıblar. Buratinonun mahnısının Azərbaycan dilində sözlərini gənc artist Zaur Səmədov yazıb. O, həmçinin tamaşada Karlo ata rolunu ifa edir.
   Tamaşanın quruluşçu rejissorları Elməddin Dadaşov və Mehman Cəfərovdur. Nağılı Azərbaycan dilinə Nicat Kazımov tərcümə edib. Buratino rolunda Kənan Eyvazov çıxış etmişdir. Digər rolları Fidan Axundova, Cavid Babayev, Qulam Rza Rəngamiz, Rüstəm Hacıyev oynayıblar.