Teatrın truppası Göyçay, Yevlax və Mingəçevirdə çıxış edəcək
   
   Gənc Tamaşaçılar Teatrı iyunun 21-28-də Lənkəran şəhərində keçiriləcək «Yeni teatr» II Respublika festivalında iştirak etdikdən sonra bölgələrə qastrola çıxacaq.
   Teatr iyul ayının 4-dən Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə yola düşəcək. Kollektiv səfər zamanı bölgə tamaşaçılarına gələn il 200 illiyi qeyd olunacaq Mirzə Fətəli Axundovun «Sərgüzəşti vəziri-xani Lənkəran» tamaşasını təqdim edəcək. Tamaşada əsas rolları əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları ifa edəcəklər.
   Gənc Tamaşaçılar Teatrında, bununla yanaşı, Xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» əsəri əsasında eyniadlı tamaşa üzərində iş başa çatmaq üzrədir. İlk dəfə 2002-ci ildə teatrın rus bölməsində hazırlanmış tamaşa bu dəfə Xalq artisti Vaqif Əsədovun quruluşunda yeni səhnə həyatı yaşayacaq. Əsər teatrın 84-cü mövsümünün ilk tamaşası olaraq sentyabrın 20-də təqdim olunacaq.
   Tamaşada əsas rolları Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Elnur Kərimov, Sərvər Əliyev və digərləri ifa edəcəklər. Səhnə əsərinin musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu isə Nicat Kazımova məxsusdur.
   
   Gülər