Tanınmış aktrisa, Əməkdar artist Mələk Abaszadə Yunanıstandan qayıdıb. Səfər Azərbaycanın Yunanıstandakı səfirliyinin nəzdində fəaliyyət göstərən teatr studiyasının dəvəti ilə baş tutub.
   
   Dövlət Rus Dram Teatrının və “İbrus” teatrının aktrisası Mələk Abaszadə yunan tələbələrə Azərbaycan rəqsləri, aktyorluq sənətinin texnikasından ustad dərsləri verərək mühazirələr oxuyub, praktik seminar məşğələləri keçib. Yunan tələbələr Azərbaycanın qədim rəqslərindən olan “Uzundərə”dən bir kompozisiya ifa etməyi öyrəniblər. Kurslar başa çatdıqdan sonra 10-dan çox gəncə sertifikatlar təqdim edilib.
   Qeyd edək ki, səfirliyin nəzdində həmin studiya bu ilin fevralında Afinada yaşayan soydaşımız Tamilla Quliyevanın təşəbbüsü və Azərbaycan XİN-in dəstəyilə yaradılıb. Studiyanın təşkil etdiyi həmin kurslarda daha əvvəl ustad dərslərini rejissor Robert Sturua (Gürcüstan), Eduard Koçergin (Rusiya) və digər tanınmış sənət adamları aparıblar.
   Studiyanın məqsədi yunan tələbələri Azərbaycan mədəniyyəti, incəsənəti ilə tanış etmək, humanitar sahədə layihələr reallaşdırmaqdır. Gələcəkdə də belə kursların təşkil olunması nəzərdə tutulur. Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev bildirib ki, beynəlxalq teatr studiyası xalqlarımız arasında mədəni, humanitar əlaqələrin möhkəmlənməsinə, zəngin mədəniyyətə malik Azərbaycanın Yunanıstanda təbliğinə töhfə olacaq.
   
   İradə