Milli teatrımızın inkişafında Tiflis Azərbaycan Teatrının müstəsna rolu olub. Bu teatrda Azərbaycan və dünya dramaturgiyasının klassik nümunələri tamaşaya qoyulub.
  
   Ayrı-ayrı dramaturqların, habelə rejissor və aktyorların yetişməsində də Tiflis Azərbaycan teatrının rolu danılmazdır. İlk addımlarını burada atan, bərkiyən bir sıra teatr həvəskarları sonradan Azərbaycanın müxtəlif teatrlarının aparıcı aktyorları olmuş, milli kinomuzun iftixarına çevrilmişlər.
   Görkəmli səhnə xadimlərindən Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı, Ülvi Rəcəb, Əbülfət Vəli və bir çox başqaları ilk səhnə addımlarını bu teatrda atmış, görkəmli rejissor Aleksandr Tuqanovun Azərbaycan teatrı ilə ilk tanışlığı burada olmuşdur. Tiflis teatrının Azərbaycan səhnəsinə verdiyi simalardan biri də qüdrətli teatr və kino aktyoru, Xalq artisti Möhsün Sənanidir.
   Möhsün Sənani 1900-cü ildə Tiflisdə doğulub. Kiçik yaşlarında ata-anasını itirib və buna görə də xalası Zinyət xanımın himayəsidə yaşayıb. Qeyd edək ki, Zinyət xanım iki tanınmış aktyorun - Azərbaycanın Xalq artisti Əli Qurbanovun və Gürcüstanın Əməkdar artisti Abbas Qurbanovun anasıdır.
   Möhsün kiçik yaşlarından teatr sənətinə xüsusi həvəs göstərmiş, Tiflisdə göstərilən qastrol tamaşalarına maraqla baxmışdır. İlk dəfə o, «Şəbih» mərasimində uşaq obrazı yaratmışdır. Teatrşünas Azad Dadaşov aktyorun şəxsi arxivindən götürdüyü xatirələrindən aşağıdakı parçanı özünün «Möhsün Sənani» kitabına daxil etmişdir: «Uşaqlıqda ürəyəyatan məlahətli səsim vardı. Məhəllə qızları, qadınları bir yerə yığışanda həmişə məni aparıb oxutdurardılar. Qonşuluğumuzda yaşayan görkəmli Azərbaycan aktyorlarından Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı və Həsən Səbri mənim səsimi eşitmişdilər. Bir gün onlar məni teatra dəvət etdilər. Əvvəllər teatrda sözsüz rollarda çıxış edərdim. Bəzi tamaşalarda isə oxumaq lazım gəldikdə səhnənin arxasında durub həvəslə oxuyardım».
   Məhz həmin vaxtlar o, teatr həvəskarı kimi müxtəlif tamaşalarda çıxış edir. Onun «Xorxor» tamaşasında yaratdığı Seyfulla obrazı uğurlu alınır. Mirzəli Abbasov, Mirzəxan Quliyev, İbrahim İsfahanlı və başqa aktyorlar onun istedadını yüksək qiymətləndirirlər. Bu isə Möhsünü daha da həvəsləndirir və ömür yolunu müəyyənləşdirir - o, aktyor sənətini seçir.
   Yeri gəlmişkən, qeyd edək ki, Mirzəxan Quliyev istedadlı komik aktyor və rejissor olmuşdur. Müasirlərinin xatirələrindən məlum olur ki, Tiflis teatrının səhnəsində yaratdığı Kərəməli («Hacı Qara»), Hacı Qəmbər ( «Hacı Qəmbər»), Muradxan («Əlli yaşında cavan»), Jorj Danden («Jorj Danden») obrazları onu xeyli şöhrətləndirmişdir. Mirzəxan Quliyev özünün hazırladığı «Zorən təbib» tamaşasında təbib rolunda böyük uğurla çıxış etmişdir. Tiflis teatrının bir sıra aktyorları sənət sirlərini məhz ondan öyrənmişlər.
   Bu teatrda aktyorların yetişməsində xüsusi xidmətləri olan sənətkarlardan biri də Gürcüstanın Əməkdar artisti Mirzəli Abbasovdur. Möhsün Sənani də sənət sirlərini ilk dəfə bu iki aktyordan öyrənmiş və sonradan Azərbaycan teatrı və kinosunun qüdrətli simalarından birinə çevrilmişdir.
   Möhsün Sənaninin səhnə həyatının unudulmaz anlarından biri Tiflisdə böyük sənətkar Hüseyn Ərəblinskinin hazırladığı tamaşada çıxış etməsi və onunla tərəf-müqabil olmasıdır. Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisə gəlir və burada yerli aktyorların iştirakı ilə türk yazıçısı Şəmsəddin Saminin «Gaveyi-ahəngər» pyesini tamaşaya hazırlayır. Möhsünə bu tamaşada Bəhram rolu tapşırılır və gənc aktyor ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəlir.
   Tədqiqatçılardan Abbas Hacıyevin və Azad Dadaşovun araşdırmalarına istinadən demək olar ki, məhz bu tamaşadan sonra Möhsün Sənani daha da şöhrətlənmiş və bu uğur onun inkişafında mühüm rol oynamışdır.
   Möhsün Sənani 1914-1919-cu illər arasında Tiflis teatrında «Gaveyi-ahəngər»də Bəhramla yanaşı, həm də Qəhlan, «Nadir şah»da Rzaqulu və Heydər xan, «Arşın mal alan»da Vəli, «Dağılan tifaq»da Süleyman bəy, «Otello»da Kassio, «Qaçaqlar»da Roller, «O olmasın, bu olsun»da Hambal, «Hacı Qara»da Heydər bəy, «Ağa Məhəmməd şah Qacar»da Rza xan və başqa maraqlı obrazlar yaratmaqla tamaşaçıların rəğbətini qazanmışdır. Aktyorun yaratdığı Vəli («Arşın mal alan») obrazı onu tamaşaçıların sevimlisi etmişdi. Qeyd edək ki, Möhsün Sənani həmin tamaşada Telli rolunun da ifaçılarından olub.
   Tiflisdə doğulmuş və bütün ömrünü burada yaşamış qohumumuz 1970-ci illərdə bu teatrın aktyorları barədə söhbətimiz zamanı belə demişdi: «Tiflis teatrının bir çox tamaşalarına, o cümlədən «Arşın mal alan»a dəfələrlə baxmışam, aktyorlarla durub-oturmuşam. «Arşın mal alan»ı həm inqilabdan əvvəl, həm də inqilabdan sonra görmüşəm. Bu tamaşa hər dəfə göstərilərkən salonda oturmağa yer tapılmazdı. Aktyorları alqışlayardılar. Mən Vəli rolunda həm Möhsün Sənanini, həm də Abbas Qurbanovu görmüşəm. Hər ikisi ürəklə oynayırdı. Tamaşaçıların arzusu ilə Vəli-Telli dueti bir neçə dəfə təkrar edilirdi».
   Tiflis teatrının 1919-cu ildə Türkiyəyə qastrolu zamanı göstərilən uğurlu tamaşalar digər aktyorlarla yanaşı hələ çox gənc olan Möhsün Sənanini də şöhrətləndirir. Aktyorların bu səfəri barədə qastrolun iştirakçılarından Mustafa Mərdanov və İbrahim İsfahanlının xatirələrində, habelə professor Abbas Hacıyevin «Tiflis Azərbaycan Teatrı» kitabında maraqlı məqamlara rast gəlirik.
   Bu mənbələrdən məlum olur ki, tamaşaların göstərilməsi ərəfəsində Türkiyə mətbuatında ayrı-ayrı tamaşalar və aktyorlar haqqında yığcam məlumat verilmiş, truppanın repertuarı təqdim edilmişdir.
   Qastrol proqramı İstanbulun «Millət» teatrında «Arşın mal alan» tamaşası ilə açılmışdır. Möhsün Sənani bu tamaşada Vəli rolunda çıxış etmişdir. İlk tamaşa çox uğurlu keçmiş və tamaşaçıların istəyi nəzərə alınaraq «Arşın mal alan» qastrol müddətində 43 dəfə göstərilmişdir.
   Qastrol müddətində «Arşın mal alan»la yanaşı «O olmasın, bu olsun», «Nadir şah», «Ağa Məhəmməd şah Qacar», «Dağılan tifaq», «Gaveyi-ahəngər», «Pəri cadu», «Əlli yaşında cavan», «Bəxtsiz cavan», «Əsli və Kərəm» və başqa tamaşalar da oynanılmışdır.
   Ümumiyyətlə isə truppanın bütün tamaşaları çox uğurla keçmiş və hər bir tamaşa, habelə ayrı-ayrı aktyorlar barədə Türkiyə mətbuatında maraqlı məqalələr dərc edilmişdir. Əlbəttə, bu uğurların qazanılmasında Möhsün Sənaninin də payı vardı.
   İbrahim İsfahanlı xatirələrində yazır ki, Mirseyfəddin Kirmanşahlının rəhbərliyi ilə İstanbulda göstərilən tamaşalar çox maraqlı keçdi. İstanbul jurnallarında Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Mustafa Mərdanov və Möhsün Sənani haqqında böyük məqalələr dərc edilmişdi.
   Teatrşünas Azad Dadaşov aktyorun uğurları barədə belə yazmışdır: «Təkcə bunu göstərmək kifayətdir ki, Möhsün Sənaninin türk tamaşaçıları tərəfindən səmimiyyətlə qarşılanmasının şahidi olan truppanın rəhbəri və rejissoru Mirseyfəddin Kirmanşahlı aktyorun şərəfinə benefis keçirməyi qərara alır. Həmin gecə üçün çap olunmuş afişa və vizit biletləri indi də aktyorun arxivini bəzəyir». (Müəllif bu sətirləri aktyorun sağlığında qələmə alıb).
   Qastrol başa çatdıqdan sonra Möhsün Sənani öz arzularını daha böyük səhnədə reallaşdırmaq üçün Bakıya gəlir. «Vaqif»də Eldar, «O olmasın, bu olsun»da Qoçu Əsgər obrazlarını yaratmaq, neçə-neçə obraza öz möhürünü vurmaq üçün.
  
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru
  
   Fotoşəkillər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan götürülmüşdür.