Bu il onlar üçün yubileylər ilidir. Opera və Balet Teatrının səhnəsinə çıxmalarından 60 il keçir. Baş rollarda çıxış etdikləri “Məhəbbət əfsanəsi”nin səhnəyə qoyulduğu zamandan 50 il ötür. Ailə qurub bir yerdə yaşamalarının da elə bu qədər yaşı var. Avqustun 7-də isə Rəfiqə xanımın yubileyidir. Söhbət Azərbaycanın Xalq artisti, balerina və xoreoqraf, Prezident təqaüdçüsü Rəfiqə Axundovadan gedir. O, bütün uğurlarına həmkarı olan həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədovla birgə nail olub. Həmsöhbətimiz deyir:
   - Maqsud müəllim məndən böyükdür - mayda 82 yaşı tamam olub. Tale bizi bir-birimizə bağladığı üçün Tanrıdan çox razıyam. Bu izdivac həyatda xoşbəxtliyimizə rəvac verdiyi kimi sənətdə də bizi böyük uğurlar gətirib. Həmişə - evdə, səhnədə, qastrolda, istirahətdə - bir yerdə olmuşuq. Belə gümrah, cavan qalmağımın əsas səbəbi Maqsudun xeyirxah, xoş məramlı insan olmasıdır. Yoxsa, bir-birimizə bu qədər dözə bilməzdik. Obrazlı desək, bizim həyatımız məhəbbət əfsanəsindən məhəbbət dastanınadək böyük bir yol keçərək ömrün ildırımlı yollarını mərdliklə adlamışdır.
   Düz 20 il Opera və Balet Teatrında bütün balet tamaşalarında birgə çıxış edən cütlük sonra özünü xoreoqrafiya sahəsində sınadı. Burada da uğur onlardan yan keçmədi. Müxtəlif balet əsərlərinə quruluş verdilər, ölkəmizdə və xaricdə tədris işləri ilə məşğul oldular. İlk quruluş verdikləri T.Bakıxanovun “Xəzər balladası”, F.Qarayevin “Qobustan kölgələri” əsərləri, R.Hacıyevin “Azərbaycan süitası” baleti ilə Paris festivalında iştirak etdilər. Burada qazandıqları uğur onları Fransanın bir çox şəhərlərinə, o cümlədən məşhur Monte Karlo səhnəsinə aparıb çıxardı. Bu günədək onlar həmin səhnədə ölkəmizi təmsil etmiş ilk və hələ ki yeganə Azərbaycan mədəniyyət nümayəndələridirlər.
   Xalq artisti Qəmər Almaszadə kimi müəllimin yetirməsi olması ilə həmişə fəxr edən Rəfiqə xanım deyir:
   - Dahi bəstəkarlar, həm də sözün əsl mənasında böyük, fitrən mədəni insanlar olan Qara Qarayevi, Fikrət Əmirovu, Tofiq Bakıxanovu, məşhur rəssamlar Tahir Salahovu, Toğrul Nərimanbəyovu yaxından tanıdığım, onlarla birgə əsərlər üzərində işlədiyim, təmasda olduğum üçün qürur duyuram. Onu da deyim ki, bizim Fransadakı çıxışlarımıza Q.Qarayev də tamaşa edərək çox məmnun qalmışdı. Vətənə dönəndən sonra onunla “İldırımlı yollarla”, “Yeddi gözəl” əsərlərini yeni quruluşda səhnəyə qoyduq.
   1972-ci ildə N.Əliverdibəyovun M.Ş.Vazehin sözlərinə yazdığı və bizim quruluş verdiyimiz “Muğam” (Bayatı-Şiraz üstündə) baleti də hələ o vaxt bütün SSRİ-də məşhurlaşdı. Həmin tamaşada Moskva Böyük Teatrının tanınmış artistləri Vladimir Vasilyev, Yekaterina Maksimova da çıxış edirdilər. Vazehin şeirlərini isə Xalq artisti Vera Şirye oxuyurdu.
   Oynadığımız, quruluş verdiyimiz əsərlərin hər biri barədə saatlarla gözəl xatirələr, xoş sözlər danışa bilərəm. Müxtəlif vaxtlarda Belçikada (2 il), İsveçdə, Misirdə, Əlcəzairdə, Türkiyənin bir sıra şəhərlərində işləsək də, ürəyimiz həmişə Azərbaycanda olub. Onun adını uca tutmağa, xalqımıza şərəf gətirməyə çalışmışıq. Biz bu gün də “forma”da olduğumuza görə həmişə məhəbbətini hiss etdiyimiz xalqımıza borcluyuq. Xoşbəxtik ki, məhəbbət əfsanəsindən məhəbbət dastanınadək olan böyük yolu şərəflə, ləyaqətlə, üzüağ keçmişik. İstərdim ki, tezliklə Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilək və o yerlərə gedən mədəniyyət nümayəndələri arasında biz də olaq. Daha bir arzum da odur ki, gənc incəsənət adamlarımız da məşhur Monte Karlo səhnəsini fəth etsinlər. Mənim yaşıma çatarkən onlar da dönüb arxaya baxdıqda ömrün hədər keçmədiyini qürurla desinlər. Məni yubileyim münasibətilə təbrik edən bütün insanlara minnətdarlığımı bildirirəm.
   Biz də yubilyara üzümüzü tutub deyirik: ad gününüz mübarək, Rəfiqə xanım. Maqsud müəllimlə birgə hələ neçə-neçə bayramları qeyd edəsiniz.
   
   İradə