Çexovun hekayələri əsasında “Simalar” tamaşası nümayiş olunacaq
   
   Oktyabrın 8-i və 9-da Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Moskvanın “Et Cetera” teatrının “Simalar” tamaşası nümayiş olunacaq. Bakıda ilk dəfə nümayiş ediləcək tamaşanın əsasını böyük rus yazıçısı Anton Çexovun “Qürbətdə”, “Psixopatlar”, “Cansıxıcı iş”, “Bədəməl” və “Diplomat” yumoristik hekayələri təşkil edir.
   Səhnədə çox gözəl aktyor heyəti çıxış edəcək: “Et Cetera” teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Aleksandr Kalyagin və E.Vaxtanqov adına teatrın aktyoru, Rusiyanın Xalq artisti Vladimir Simonov.
   Dövlət Rus Dram Teatrından verilən məlumata görə, tamaşanın biletləri artıq satışdadır.
   Qeyd edək ki, Rusiyanın Xalq artisti Aleksandr Aleksandroviç Kalyagin Azərbaycan tamaşaçısına yaxşı tanışdır. O, “Azərbaycanfilm” kinostudiyasında rejissor Rasim Ocaqovun “İstintaq”, “Bağlı qapı”, “Park” və “Özgə ömür” filmlərinə çəkilib. Aktyor “İstintaq” filmində (1979) oynadığı müstəntiq Seyfi roluna görə yaradıcı heyətin bir neçə üzvü ilə birlikdə SSRİ Dövlət mükafatına layiq görülüb.