Azərbaycan Teatr Xadimləri İttifaqında “Mirzə Fətəli Axundzadə dərsləri” mövzusunda ustad dərsləri davam etdirilir. Növbəti dərsdə dramaturq-ssenarist Ramiz Fətəliyev gənc dramaturqların dram əsərləri ilə tanış olub və onlara məsləhətlərini verib.
   “Mirzə Fətəli Axundzadə dərsləri” gənc dramaturqlara dram əsərləri üzərində yaradıcılıq işini daha geniş və əhatəli, məzmunlu və maraqlı, günün tələblərinə cavab verə biləcək səviyyədə aparmağa böyük imkanlar yaradır. Növbəti dərslər avqustun 10-da təşkil ediləcək.
   Qeyd edək ki, bu dərslərin məqsədi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 2012-ci ildə qeyd olunacaq 200 illik yubileyi ərəfəsində gənc müəlliflərin səviyyəli dram əsərini üzə çıxarıb teatrlardan birinin repertuarına daxil etməkdir.
   Yeri gəlmişkən, azərbaycanlı gənc dramaturqların əsərlərinin Rusiya Teatr Xadimləri İttifaqında keçiriləcək MDB, Baltikyanı və Gürcüstanın gənc teatr xadimlərinin işlərinə baxış müsabiqəsinə göndərilməsi də nəzərdə tutulub. Azərbaycandan bu müsabiqəyə 3 əsər təqdim ediləcək.