Ülvi Əzizov Amerikada balet ulduzlarının qala-konsertinə dəvət edilib
   
   Latviyanın “Teleqraf.Iv” internet portalında Avropanın çox böyük teatr səhnələrində uğurla çıxış etmiş azərbaycanlı balet solisti Ülvi Əzizov haqqında “İndi mən Praqada premyerəm!” sərlövhəli məqalə dərc edilib.
   
   İnternet-portalda göstərilir ki, son iki ayda Ülvi Əzizov müxtəlif şəhərlərdə, o cümlədən Parisdə, Marseldə, Nitsada, Qrenoblda, Lüksemburqda, Strasburqda 40-dək tamaşada çıxış edib. Sənətçi Pyotr Çaykovskinin “Yatmış gözəl”ində şahzadə Dezireni oynayıb, Fransa paytaxtında üç min tamaşaçı tutan “Le Zenith Paris”də çıxış edib.
   Ülvi öz təəssüratlarını bölüşərək deyir: “İki gün anşlaq oldu - mən 6 min adam topladım və açığı, bununla fəxr edirəm. Tamaşa çox gözəl keçdi, zal məni “ura” ilə qarşıladı. Həmçinin çox sevinirəm ki, Parisdəki çıxışlarımla paralel “Qrand Opera”da İzabel Syaravola ilə “Jizel” baletini hazırlaya bildim”.
   Bu ilin iyun ayında Ülvi Əzizov Praqa dövlət operasının truppasına premyer (birinci balet artisti) kimi qəbul edilib. Yeni teatrda onun ilk tamaşası Adolf Adanın “Jizel” baleti olub. Tamaşada o, ən sevimli partiyalarından birini - Albert rolunu oynayır. Rəqqas deyir: “Çex truppasında qətiyyən milliyyət məsələsi yoxdur - əsas ona baxırlar ki, sən necə oynayırsan. Bunu xatırlatmaq kifayətdir ki, Rudolf Nuriyev özü də tatar idi, amma bu, onun “Qrand Opera”nın direktoru olmasına qətiyyən maneçilik törətməmişdi”.
   Ülvi Əzizovu sentyabr ayında Mayamiyə dəvət ediblər. Bu, Amerikada onun ilk çıxışı olacaq. Orada ABŞ-ın ən böyük balet festivalı hesab edilən balet ulduzlarının təntənəli XVI Beynəlxalq festivalının bağlanışı şərəfinə Etoile Grand Gala qala-konserti olacaq. Konsertdə Paris operasının, Berlin dövlət baletinin, Vyana operasının, Macarıstan dövlət operasının tanınmış solistləri çıxış edəcəklər.
   Bu yaxınlarda www.ulviazizov.com saytı açılıb. Saytda artist, onun planları, ümumiyyətlə, balet haqqında informasiya var. Hazırda gərgin işdən sonra Ü.Əzizov Riqa körfəzi sahillərində, Yurmalada dincəlir.