Görkəmli rejissor Roman Viktyuk Azərbaycan teatrları ilə əməkdaşlığı genişləndirmək istəyir
   
   Bakıda yaradıcılıq səfərində olan görkəmli teatr rejissoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Ukrayna və Rusiyanın Xalq artisti Roman Viktyuk avqustun 22-də jurnalistlərlə görüşündə qarşıdakı planlarından söz açıb.
   
   Rejissor rəhbərlik etdiyi “Roman Viktyuk teatrı” haqqında məlumat verib, “Üns” teatrı ilə yaradıcılıq əlaqələrindən danışıb. Rejissor ilk dəfə “Edit Piaf” əsərinin “Üns” səhnəsində necə qarşılandığını xatırladaraq, teatrın yaradıcısı və bədii rəhbəri, professor Nərgiz Paşayevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
   Roman Viktyuk növbəti dəfə “Üns”ün səhnəsində rəhbərlik etdiyi “Roman Viktyuk Teatrı”nda hazırlanmış “Sergey və Aysedora” tamaşasını nümayiş etdirməyi planlaşdırdığını deyib. Tamaşa haqqında məlumat verən rejissor deyib ki, bu, iki məşhur sənət adamının - əfsanəvi rəqqasə Aysedora Dunkan ilə rus şairi Sergey Yesenin arasında məhəbbətin poetik ifadəsidir.
   Rejissor həmçinin ispan şairi və dramaturqu Alexandro Kasonanın “Derevya umirayut stoya” (“Ağaclar yıxılmadan ölür”) əsərini yenidən səhnələşdirmək fikrindədir. O, hazırda aktyor kimi fəaliyyət göstərməyən, lakin sənətdə öz sözünü demiş tanınmış sənətkarları tamaşaya cəlb etmək fikrindədir. O, Şəfiqə Məmmədova və Leyla Şıxlinskayanı yeni tamaşada görmək istədiyini deyib.
   Rejissor ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini danışaraq bu dahi şəxsiyyətin bütün sahələrlə yanaşı, incəsənətə, teatr sənətinə dərindən bələd olduğunu diqqətə çatdırıb. O, vaxtilə Tennesi Vilyamsın eyniadlı əsəri əsasında hazırladığı “Tatuirovannaya roza” (“Döyülmüş qızılgül”) tamaşasının böyük öndər tərəfindən maraqla qarşılandığını yada salıb.