Sentyabrın 24-də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı Volfqanq Amedey Motsartın “Sehrli fleyta” operasının premyerası keçiriləcək.
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulur. Məqsəd operasevənləri Motsart yaradıcılığı və dünya opera sənətinin incilərindən biri ilə tanış etməkdir.
   Əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münxen Opera Sənəti Festivalının rəhbərliyi tərəfindən təqdim edilib. Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırkı ölçülərdən kəskin fərqli olacaq.
   Tamaşada teatrın istedadlı vokalçıları - Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), gənc solistlər Fərid Əliyev (Tamino), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və başqaları iştirak edirlər. Opera əsərin orijinal dilində - almanca səslənəcək. Tamaşanı Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov idarə edəcək.