Yekaterinburq Opera və Balet Teatrı Polad Bülbüloğlunun baletini Bakıda nümayiş etdirəcək
   
   Sentyabrın 19-da Bakıda keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq. Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim edəcək.
   
   “Eşq və ölüm” baletini ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov səhnələşdirib.
   Həyat və ölüm, məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edən balet məşhur “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb.
   Tamaşanın Bakı premyerası böyük uğurla keçib və elə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası bu əsəri Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.
   İstedadlı xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə 2010-cu ildə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub və premyerası müvəffəqiyyətlə keçib.
   Cari ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində və Ankarada nümayiş etdirib.
   Tamaşalar anşlaqla keçib, Türkiyə və Rusiya mediasında müsbət rəy qazanıb.
   Baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münxen opera sənəti festivalında bu tədbirin musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.
   “Eşq və ölüm” baletinin Yekaterinburq Opera və Balet Teatrının truppası tərəfindən Bakıda nümayişi sənətsevərlərə hədiyyə olmaqla yanaşı, Azərbaycan-Rusiya mədəni əməkdaşlığına da töhfə olacaq.