Kollektiv “Teatr. Çexov. Yalta” festivalında “Xəcalət” tamaşasını nümayiş etdirəcək
   
   Sentyabrın 11-dən 18-dək A.P.Çexov adına Yalta Teatrında “Teatr. Çexov. Yalta” IV Beynəlxalq teatr festivalı keçiriləcək. Rusiyanın məşhur mesenatı Aleksandr Lebedevin dəstəyi ilə keçirilən ənənəvi festivalda Böyük Britaniya, İsrail, İspaniya, Rusiya daxil olmaqla dünyanın 11 ölkəsinin teatr kollektivləri maraqlı tamaşalar göstərəcəklər.
   
   Azərbaycanı festivalda Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək. Teatrın heyəti sentyabrın 15-də festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını təqdim edəcək. Pyesdə Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ön plana çəkilib.
   Ən mühümü odur ki, bu festivalda iştirak edən dövlətlərin bayraqları növbəti beynəlxalq teatr festivalına kimi A.P.Çexov adına Yalta Teatrının binası üzərində dalğalanacaq.
   Festival ərəfəsində, sentyabrın 13-də isə Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Simferopol şəhərində Azərbaycan diasporunun nümayəndələri qarşısında “Xəcalət” tamaşasını göstərəcək.
   Tamaşada baş rollarda xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Əməkdar artist Mətanət Atakişiyeva və başqaları iştirak edəcəklər. Tamaşanın rejissoru Bəhram Osmanovdur.