Mirzə Fətəli Axundov - 200
   
   Ramiz Həsənoğlu: “Rejissorluq elə sənətdir ki, burada hər məqamın öz hökmü var. O hökmü hökmən nəzərə almalısan”
   
   Xəbər verdiyimiz kimi, Mirzə Fətəli Axundovun (1812-1878) 200 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasında böyük ədibin həyat və yaradıcılığından bəhs edən ikiseriyalı “Sübhün səfiri” bədii filminin çəkilişləri başlanıb. Dövlət sifarişi ilə çəkilən filmin ilk kadrları lentə alınıb. Çəkilişlər üç ölkədə - Azərbaycan, Türkiyə və Gürcüstanda aparılacaq. Sentyabrın axırında yaradıcı qrup İstanbula yola düşəcək. Filmin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur. Onun Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində quruluş verdiyi “Mürafiə vəkilləri” film-tamaşası isə, demək olar ki, hazırdır. Rejissorla görüşüb hər iki ekran əsəri barədə fikirlərini öyrəndik.
   
   - Ramiz müəllim, bilirik ki, bütün yay boyu gərgin işləmisiniz. Hazırda işlər nə yerdədir?
   
- Bu yay istirahət olmadı. Çünki iki böyük layihə ilə məşğulam və hər ikisi Mirzə Fətəli Axundovla bağlıdır. Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində böyük ədibin “Mürafiə vəkillərinin hekayəti” pyesinin motivləri əsasında film-tamaşa çəkdik. Azərbaycan televiziyasının çəkiliş pavilyonunda bir aya yaxın çəkilişlər oldu və deməliyəm ki, çoxdandır Azərbaycan televiziyasında gərginliyinə görə bu qədər əhatəli iş görülməmişdi. Axırıncı dəfə 1996-cı ildə belə böyük bir iş “Fatehlərin divanı” olmuşdu. Axundovun əsərində hadisələr Təbrizdə baş verir. XIX əsrin ortalarında Təbriz mühitini əks etdirmək üçün zahiri elementlər vacib idi. Əlbisə, ayaqqabı, papaq, ev əşyaları - hamısı orijinal şəkildə hazırlandı, ekran həlli üçün o dövrün mühiti yarandı.
   Film-tamaşada baş rolu - Ağamərdan rolunu Ramiz Əzizbəyli oynadı, ekran əsərində aktyor debütləri də oldu. 16 yaşlı Dəniz Tacəddin elə öz yaşıdı olan Səkinə xanım rolunu ifa etdi. O, orta məktəbi təzə bitirib, bu il konservatoriyaya daxil olub. Onu da deyim ki, Dəniz Tacəddin 6 il bundan əvvəl “Cavid ömrü” filmində balaca Turan Cavidin rolunu oynamışdı. Ona görə də etibar edib, inanıb ona bu rolu verdim. Mənə elə gəlir ki, tamaşaçılar onun ifasını maraqla qarşılayacaqlar. O biri gənc isə Səyyad Rüstəmov adlı cavan aktyordur. Onun debütü də uğurlu oldu.
   
   “Axundov bu günün yazıçısıdır”
   
   - “Mürafiə vəkillərinin hekayəti” Axundovun altı komediyasından biridir. Siz bu film-tamaşanı hansı janrda çəkdiniz?
   - Əvvəl bu əsəri musiqili-komediya janrında təqdim etməyi düşünürdüm. Düzdür, Axundov özü bu əsəri komediya kimi təqdim edir, ancaq bu komediyanın içində dram - Zeynəbin dramı da var.
   Film-tamaşanın ssenarisini İlham Rəhimli ilə birgə Axundovun əsərlərinin motivləri əsasında yazdıq. Çəkilişlər başa çatıb, montaj bitmək üzrədir, artıq səsləndirmə dövründəyik, demək olar ki, bir həftəlik işimiz qalıb.
   - Rejissor kimi nəzərdə tutduqlarınızın neçə faizini reallaşdıra bildiniz?
   - Yeni bir işə başlayanda elə bil ki, yeni bir yola çıxırsan. O yolda hər şey ola bilər. Bu yolda müəyyən mənada itkilər də, tapıntılar da var. Rejissorluq elə bir sənətdir ki, burda hər məqamın öz hökmü var. O hökmü gərək hökmən nəzərə alasan.
   - İlk dəfə Axundov yaradıcılığına müraciət edirdiniz. Yeni nələr kəşf etdiniz?
   - Axundov bu günün yazıçısıdır. Həmişə müasir, aktual olan sənət əsəri klassikadır. Tamaşaçılar “Mürafiə vəkilləri”nə baxanda bu əsərin nə dərəcədə aktual olduğunu özləri hiss edəcəklər. Axundovun bu əsərinə münasibətdə açılmayan qatlar var. Çalışdım ki, bu qatları da tamaşaçılara çatdırım.
   - Film-tamaşanın xronometrajı nə qədərdir?
   - Film-tamaşa iki hissədən ibarətdir. Cəm halında 90 dəqiqədir. “Mürafiə vəkilləri” üç pərdədən ibarət olsa da, Axundovun yazdığı əsərlər arasında ən kiçik həcmli pyesdir. Axundovun əsərlərinin arasında bu əsərə rejissorlar tərəfindən həmişə bir qədər ögey münasibət olub. Bu pyes demək olar ki, səhnələşdirilməyib. Amma bilirəm ki, Bələdiyyə Teatrında Rövşən Almuradlı bu əsəri səhnələşdirir.
   
   “Çox gərgin sınaqlar keçdi”
   
   - Film-tamaşa nə vaxt nümayiş olunacaq?
   - Güman ki, film-tamaşa noyabr ayında Azərbaycan radiosunun 85 illiyi ərəfəsində göstəriləcək, eyni zamanda Azərbaycan televiziyasının 55 illiyinə də bir töhfə olacaq. Gələn il isə Axundovun 200 illik yubileyidir. Bütün respublika üzrə götürsək Axundovun yubileyi ilə bağlı “Mürafiə vəkilləri” film-tamaşası ən birinci və sanballı bir addım olacaq. Təbii ki, digər layihələr də var və onların hamısına uğur diləyirəm.
   - Axundovla bağlı ikinci layihəniz - “Sübhün səfiri” filminin çəkilişi nə yerdədir?
   - Filmin hazırlıq mərhələsinin sonuncu həftəsindəyik, ayın 21-də çəkilişlərə başlayırıq, ayın sonunda İstanbula səfərimiz olacaq. Çox gərgin sınaqlar keçdi. Mirzə Fətəli Axundovun həyatını ekranlaşdırmaq üçün üç aktyorun üzərində dayandıq. Balaca Fətəli rolunu oynamaq üçün Tofiq Əliyevi, gənc Fətəli roluna Nicat Həbibovu, 50 yaşdan ömrünün son günlərinə kimi orta və yaşlı Fətəli roluna isə Rasim Balayevi seçdik. Artıq birinci çəkiliş günü oldu. Hacıqabulda balaca Fətəlinin anasının qucağında dəvə karvanı ilə Cənubi Azərbaycandan Şəkiyə gəlişini çəkdik.
   Filmdə tarixi şəxsiyyətlər, görkəmli şairlər, Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Bestujev-Marlinski, Lermontov, Usmiyev kimi obrazlar var ki, biz bunlarla bağlı sınaq çəkilişləri aparırıq.
   Çox böyük kollektiv çalışır. Bildiyiniz kimi, filmin ssenari müəllifi Anar, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmov, prodüseri isə Adil Qulamovdur. Film “Azərbaycanfilm” kinostudiyasının bazasında çəkilir.
   Çəkilişlər 4 ay davam edəcək, inşallah, Axundovun yubileyinədək film tam hazır olacaq.
   Yola çıxan adama uğurlu yol diləyərlər. Biz də “Sübhün səfiri” filminin bütün yaradıcı heyətinə uğurlu yol diləyirik.
   
   Təranə Vahid