Əli Əmirli: “Bu pyesi Azərbaycan teatrının inkişafında xidməti olmuş korifey sənətkarlarımızın xatirəsinə həsr etmişəm”
   
   Yazıçı-dramaturq Əli Əmirli “İki aktrisa üçün baş rol” adlı yeni bir pyes yazıb. “İki aktrisa üçün baş rol” teatral komediya janrında yazılsa da, daha çox gərgin dramatizmi ilə seçilir və adından da göründüyü kimi əsər teatr həyatından bəhs edir.
   Cəmi dörd personajın iştirak etdiyi səhnə əsərində sehrli dünya olan teatr sənətinin əsas yaradıcıları - aktyor (indiki halda iki aktrisa), dramaturq və rejissor arasında baş verən mürəkkəb-psixoloji münasibətlər əksini tapıb. Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir.
   Əli Əmirli “Teatr haqqında teatr yaratmaq istəyi nədən yarandı?” sualına belə cavab verdi: “Artıq iyirmi ildən çoxdur ədəbi yaradıcılığım teatrla bağlıdır. Bu böyük vaxt ərzində bir çox teatr kollektivləri ilə iş birliyim olub. Teatr həyatını, aktyorluğu, səhnəni özünə peşə və həyat tərzi seçən insanları, konkret desəm, aktyorları öyrənmək, müşahidə etmək imkanım olub. Təəssüratım birmənalı deyil. Bu insanlar, Stanislavskinin ifadəsi ilə desək “uşaqdırlar”, amma xeyli mürəkkəb, xeyli gözlənilməz, xeyli sevimli, bəzən qəddar, bəzən fədakar, bəzən ərköyün, hərdən çox vəfalı, hərdən də çox unutqan və vəfasız. Bir sözlə, hesab edirəm ki, teatr adlı sehrli məkanın, sənət məbədinin əsas aparıcı, qüvvəsi və tamaşaçı sevgisinin əsas obyekti ilk növbədə məhz aktyordur. Təbiidir ki, bu əsrarəngiz və spesifik dünyaya bələd olub, onu qələmə almamaq çətindir.
   Onu da deyim ki, bu pyesi Azərbaycan teatrının var olmasında, inkişafında xidməti olmuş bütün aktyorların, xüsusilə adları çoxdan rəvayətə çevrilmiş korifey sənətkarlarımızın xatirəsinə həsr etmişəm”.
   
   T.Vahid