Ramiz Novruzov: Festivalda özümüzə qarşı çox böyük rəğbət, məhəbbət, hörmət gördük”
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı «Teatr. Çexov. Yalta» IV Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Festivalda Hüseynbala Mirələmovun “Xəcalət” pyesinin tamaşası ilə çıxış edən kollektiv laureat adını qazanıb, səhnə əsəri isə “müasir dünyanın reallıqları ilə səsləşən” tamaşa kimi yadda qalıb.
   
   Sentyabrın 11-dən 18-dək davam edən «Teatr. Çexov. Yalta» IV Beynəlxalq Teatr Festivalında 11 ölkənin (Ukrayna, Rusiya, Estoniya, Qazaxıstan, Fransa, İspaniya və s.) teatrları iştirak edib. Azərbaycan Akademik Milli Dram Teatrının festivalda Qarabağ mövzusunda qələmə alınmış «Xəcalət» tamaşası ilə çıxış etməsi tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından uğurlu seçim idi. Tamaşa böyük maraqla qarşılanıb və teatr bir sıra hədiyyə və mükafatlara, o cümlədən Ukrayna Teatr Xadimləri İttifaqının Diplomuna, Krım şəhəri başçısının təşəkkür diplomuna, “Nika” mükafatına layiq görülüb. Teatrın direktoru İsrafil İsrafilov Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi diplomu ilə təltif edilib.
   Bəhram Osmanovun quruluşunda göstərilən tamaşada baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Ələsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu çıxış ediblər.
   Tamaşada baş rolun ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı festivalda əldə etdikləri uğurlardan danışdı:
   - Akademik Milli Dram Teatrının bu çapda beynəlxalq teatr festivalında iştirak eləməyi əlamətdar bir hadisə idi. Bu festivalda əmin olduq ki, Azərbaycan teatrı dünyada gedən teatr proseslərindən heç də geri qalmır. Teatrımızın kollektivi “Xəcalət” tamaşasına görə “Ən yüksək aktyor ustalığı nümayişinə görə” nominasiyasında laureat oldu. Bu bir daha göstərdi ki, Azərbaycan aktyor məktəbi var, güclüdür, qüdrətlidir, bundan sonra da var olacaq. Bu mükafat bütövlükdə Azərbaycan teatrına, mədəniyyətinə verilən qiymətdir. Mən bu münasibətlə bizi sevən tamaşaçılarımızı, öz kollektivimizi, teatrsevərləri, aktyorlarımızı təbrik edirəm. Çünki onlar 11 ölkənin aktyorları arasında çox böyük ustalıq göstərdilər. Aktyor yoldaşlarımla sevindim, aktyor yoldaşlarımla fəxr elədim. İnşallah bundan sonra daha böyük uğurlarımız olacaq.
   Xalq artisti Ramiz Novruzov səfər təəssüratlarını bizimlə bölüşdü:
   - Əvvəlcə onu deyim ki, bizim bu festivalda iştirak etməyimiz tarixi bir məqam idi. Çoxdandır ki, teatrımız beynəlxalq festivalda iştirak etməmişdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak etdik. Festivalın əsas şərtlərindən biri tamaşalarda novatorluq məsələsi idi. Özlüyümüzdə hər hansı bir yerə, mükafata iddialı deyildik. Sadəcə festivalda iştirak edib teatrlarla əlaqələr yaratmaq istəyirdik. Bildiyiniz kimi son vaxtlar Milli Dram Teatrında böyük layihələr həyata keçirmək, teatrımızı beynəlxalq sənət dünyasında tanıtmaq üçün işlər görülür. Layiqli işlərimiz, tamaşalarımız var.
   Biz bu festivalda şahid olduq ki, heç kimdən əskik deyilik, əksinə, özümüzə qarşı çox böyük rəğbət, məhəbbət, hörmət gördük. Bu xoş bir mənzərə idi. Bayaq qeyd etdiyim kimi festivalda biz iddialı deyildik. Amma çıxışımız yüksək qarşılandı və teatrın işinin inkişafındakı xidmətlərinə görə Krım Teatr Cəmiyyətinin “Qran Pri” mükafatına layiq görüldük. “Ən yüksək aktyorluq ustalığına görə” mükafatını da biz aldıq. Ansambl şəklində çıxışımız çox xoşlarına gəldi. Tamaşa zamanı zalda bir nəfər də laqeyd tamaşaçı görmədik. Baxmayaraq ki, bu mövzu - bizim dərdimiz onlar üçün bir qədər yad ola bilərdi, amma bir çox tamaşaçıların gözləri dolmuşdu, tamaşadan sonra yaşlı rus qadınları bizə yaxınlaşıb deyirdilər ki, icazə verin, sizi qucaqlayıb öpək. Bütün bunlar tamaşanın uğurundan xəbər verirdi.
   Festivalda iştirakımız həm də bizdə bir əminlik yaratdı ki, istənilən tamaşa ilə beynəlxalq festivalda iştirak edə bilərik. Bu festival bir daha sübut etdi ki, zəngin ənənələri olan Azərbaycan teatr məktəbi bu gün də inkişaf edir və müasir teatrın tələblərinə tam cavab verir.
   
   Təranə Vahid