102-ci mövsümünü Xaçmaz şəhərində dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası ilə açan Dövlət Musiqili Komediya Teatrı yeni mövsümdə tamaşaçılarını maraqlı əsərlərlə sevindirəcək. Yaradıcı kollektiv Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan dramaturgiyasının banisi, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil kimyagər” komediyası əsasında hazırlanmış “Kimyagər” (bəstəkar Siyavuş Kərimi, libretto müəllifi Əjdər Ol) tamaşasını sənətsevərlərə təqdim edəcək.
   Əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada Xalq artisti Afaq Bəşirqızı (Kimyagər), Əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov (Həmid), Əzizağa Əzizov, Elxan İsmayılov (Hacı Kərim) və başqaları iştirak edəcəklər. Tamaşanın rəssamlarI Sevinc Həsənova və Novruz Məmmədovdur.
   Onu da qeyd edək ki, “Kimyagər” tamaşasının quruluşçu rejissoru Bəhram Osmanovun rəhbərliyi ilə teatrın bir qrup yaradıcı gənci Rusiyaya səfər edərək Yekaterinburq teatrında təcrübə keçəcək. Gənc rəssamlar Sevinc Həsənova, Novruz Məmmədov və teatrın bədii quruluş hissə müdiri Hüseyn Hüseynov oktyabrın sonunda bir həftə Yekaterinburq şəhərində olacaqlar. Gənc rəssamlar tamaşa eskizlərini də özləri ilə Rusiyaya aparacaq, qonşu ölkənin teatr rəssamları ilə bu əsərin quruluşu ətrafında məsləhətləşmələr aparacaqlar.