Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq. İkipərdəli “fantastik balet” olan “Jizel” faciəvi sevgidən və Jizelin ölümündən bəhs edir. Tamaşada “Jizel” partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının məşhur prima-balerinası, Ukraynanın Xalq artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı Yelena Filipyeva dəvət olunub. Y.Filipyevanın tərəf-müqabili isə Ukraynanın Əməkdar artisti, Ukrayna Opera və Balet Teatrının premyeri Sergey Sidorski olacaq. Y.Filipyeva 23 yaşında ikən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub.