Sentyabrın 19-24-də Çin Xalq Respublikasının Syamin şəhərində Beynəlxalq Teatr İnstitutunun (BTİ) 33-cü dünya qurultayı keçirilib. 99 ölkədən 700-dən artıq teatr peşəkarının iştirak etdiyi tədbirdə Azərbaycanı Teatr Xadimləri İttifaqının sədri, BTİ-nin Azərbaycan Milli Mərkəzinin prezidenti Azərpaşa Nemətov və Bakı Beynəlxalq Teatrı Konfransının direktoru Şaiq Səfərov təmsil edib. Bu barədə qəzetimizə məlumat verən Ş.Səfərov tədbirdə qarşılıqlı əməkdaşlıq planlarının müzakirə edildiyini bildirib: «Qurultayda bir sıra nüfuzlu beynəlxalq teatr təşkilatları rəhbərləri və sənət xadimləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və perspektiv planları müzakirə etdik. Görüşlərdə Azərbaycan rəhbərliyinin teatr sənətinə göstərdiyi qayğı, eləcə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-2019-cu illərdə milli teatrın inkişafını təmin edən dövlət proqramı çərçivəsində keçirilən tədbirlər barədə xarici həmkarlara məlumatlar verdik”.
   BTİ-nin rəhbərliyi ilə görüş zamanı A.Nemətov institutun 2015-ci ildə keçiriləcək qurultayının Bakıda təşkil olunması təklifi ilə çıxış edib. Dəvətə görə məmnunluq ifadə edən BTİ rəhbəri isə teatr dünyasında ən nüfuzlu toplantılarından sayılan «Millətlər Teatrı Festivalı»nın Bakıda keçirilməsini təklif edib.
   Qurultayda həmçinin BTİ-nin yeni rəhbərliyi seçilib. Ş.Səfərov «Mədəni identifikasiya və inkişaf» komitəsinin idarə heyətinə üzv və Asiya ölkələri üzrə koordinator seçilib.  

   Gülər