Noyabrın 4-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında «Fusion Doll» adlı I Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq. Sərginin açılışı noyabrın 4-də saat 18-də keçiriləcək.
   
   Son 25 il ərzində təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü büruzə verib. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılaraq, bədii kukla kimi digər sənət əsərləri sırasında özünə layiq yer tutub.
   I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etməkdən ibarətdir. Gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq olar. Ustad dərslərinin keçirilməsi şərti ilə, aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanını verəcək.
   Biennaledə dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edəcək - Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya («Vaxtanov» Qalereyası) və Ukrayna.
   Sərgidə Azərbaycandan ölkəmizdə peşəkar müəllif kuklaları sənətinin yaradıcısı, «Çeşmə» Mədəniyyət Mərkəzi nəzdində ilk özəl Kukla Muzeyinin və milli geyimlərin yaradıcılarından biri Elmira Abbaslı, respublikamızda konseptual və art-kuklanın əsasını qoymuş Pərviz Hüseynov və İrina Qundorina, peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi Tamilla Qurbanova, eləcə də «DA ART» studiyasının şagirdləri iştirak edəcəklər.
    Tədbirin iştirakçıları arasında Belarusdan interyer kukla ustası Qalina Dmitruk, Çexiya kukla klubunun yaradıcısı, Praqadakı beynəlxalq kukla sərgisinin direktoru Boqdana Klotilova, interyer kuklası sahəsində mütəxəssis Yelena İlina, İtaliyadan kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların laureatı Katerina Veştak, Rusiyadan «Vaxtanov» Kukla qalereyasının direktoru İrina Mızina, «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina, «DollArt» yaradıcılıq birliyinin üzvü İrina Qoryunova, Sankt-Peterburq kukla məktəbinin tanınmış nümayəndələri Olqa Qerr, Natalya Beltyukova, Viktor Qriqoryev, habelə Fransa, Latviya, Niderland və Ukrayna mütəxəssisləri yer alacaq.
    Noyabrın 8-də Muzey Mərkəzinin Akt zalında, sərgi çərçivəsində kukla sənətinin problemləri üzrə «Kuklanın ikinci nəfəsi» adlı konfrans keçiriləcək.