Noyabrın 1-də Teatr Xadimləri İttifaqında “Axundov dərsləri”nin növbəti məşğələsi keçirildi. Tanınmış dramaturq Əli Əmirli “Dram əsərinin yazılışı və süjetin qurulması haqqında” mövzusuyla çıxış edərək gənc dramaturqlara dramaturgiyanın sirlərini açdı. Dərs boyu gənc dramaturqlardan tövsiyələrini və məsləhətlərini də əsirgəmədi.
   Xatırladaq ki, “Axundov dərsləri” bir neçə aydır ki, Teatr Xadimləri İttifaqında təşkil olunur. Dərslərin keçirilməsində məqsəd yaradıcı gənclərin diqqətini dramaturgiya sahəsinə yönəltmək, bu sahəyə meyl göstərən gənc istedadları aşkar edib üzə çıxarmaq, əsərlərinin teatrlarda tamaşaya qoyulmasına şərait yaratmaqdır.
   Ötən müddətdə Milli Akademik Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, tanınmış dramaturqlar Ramiz Fətəliyev, Əli Əmirli dramaturgiya mövzusunda maraqlı çıxışlar ediblər.
   Qısa müddətdə “Axundov dərsləri”nin müsbət nəticələri də əldə olunub. Belə ki, gənc yazarların üç dram əsəri seçilərək MDB üzrə Beynəlxalq Teatr Xadimləri Konfederasiyasının baxış müsabiqəsinə təqdim olunub və bu əsərlər münsiflər tərəfindən bəyənilərək çapa göndərilib. Bu toplu dekabr ayında MDB ölkələrində yayımlanacaq.
   Görüşdə iştirak edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, ittifaqın sədr müavini, Xalq artisti Rafiq Əliyev, ittifaqın yaradıcılıq şöbəsinin əməkdaşı Çingiz Ələsgərli “Axundov dərsləri”nin birinci mərhələsində əldə olunan uğurlardan, müasir dramaturgiyamızın inkişafı yolunda “Axundov dərsləri”ni əhəmiyyətindən danışdılar.
   Əli Əmirli “Dram əsərinin yazılışı və süjetin qurulması haqqında” gənclərə ətraflı məlumat verərək dramaturgiyanın bir janr kimi özünəməxsus xüsusiyyətlərindən, dünya və milli dramaturgiyada böyük maraq doğuran dram əsərlərindən söz açdı, milli və dünya dramaturgiyasını mütaliə etməyi, pyes yazarkən tamaşaçıları görməyi və duymağı, ən əsası teatrı sevməyi məsləhət gördü. 

   Təranə Vahid