I Beynəlxalq Kukla Teatrları Festivalı dünyanın müxtəlif ölkələrindən 20-dən çox teatrı bir araya gətirib
   
   Son illər bir sıra beynəlxalq mədəniyyət layihələrinə ev sahibliyi edən Bakı növbəti möhtəşəm tədbirdə dünyanın kukla teatrlarını bir araya gətirib. Noyabrın 1-də start verilən Bakı Beynəlxalq Kukla Teatrları Festivalı Mədəniyyət və Turizm Nazirliyinin, UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyasının və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilir.
   «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində təşkil olunan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan festivalda dünyanın 16 ölkəsindən 20-dən artıq teatr kollektivi iştirak edir. Noyabrın 6-dək davam edəcək beynəlxalq teatr bayramına beynəlxalq teatr təşkilatlarının rəhbərləri, Böyük Britaniya, İspaniya, Avstriya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Rumıniya, Misir, İordaniya, İran, Estoniya, Litva, Özbəkistan və Qazaxıstandan onlarla kukla sənətçisi, nüfuzlu teatr tənqidçiləri təşrif buyurublar.
   Festivalın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə keçirilən festivalın Azərbaycan Dövlət Kukla Teatrının 80 illiyinə təsadüf etdiyini vurğuladı, belə beynəlxalq tədbirlərin teatrlar arasında qarşılıqlı əlaqələrin inkişafında böyük rol oynadığını qeyd etdi:
   - Festivalın təşkilində bizə dəstək olduqlarına görə UNİMA-nın rəhbərliyinə və TÜRKSOY-un nümayəndələrinə xüsusilə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu festival Azərbaycanda teatr bayramına çevrilməklə yanaşı, yeni yaradıcılıq əlaqələrinin yaranmasına, sənət mübadiləsinin genişlənməsinə imkan verəcək. Festivaldan sonra Azərbaycan kukla teatrlarının fəaliyyəti tamamilə yeni mərhələyə qədəm qoyacaq və onların beynəlxalq festivallarda daha da uğurla iştirakına zəmin yaradacaq. Azərbaycan Dövlət Kukla Teatrı da, digər teatrlarımız kimi, beynəlxalq festivallarda iştirak edib. Amma belə bir irimiqyaslı tədbirin reallaşması onların bundan sonrakı uğurlarına bir növ bələdçilik etmiş olacaq. Digər tərəfdən, mən çox sevinirəm ki, bu sənət ocağı 80 illik yubileyinə çox böyük uğurlarla gəlib. Ölkə başçısının xüsusi sərəncamı ilə beş il öncə əsaslı təmir-bərpadan sonra yaradıcı kollektivin ixtiyarına verilən bu möhtəşəm bina balaca tamaşaçıların sevimli evinə çevrilib.
   Dram aktyoru, görkəmli sənətkar Mollaağa Bəbirlinin yaratdığı teatrın ənənələri sübut edir ki, balaca tamaşaçılarımız məhz bu səhnədə göstərilən tamaşalarla həm teatr aləmi ilə tanış olur, həm də bəşəriyyətin nağıl aləminə, uşaq dünyasına qoşulurlar. Sevinirəm ki, bu teatrın yaradıcı heyəti, ömrünü bu sənət ocağına həsr etmiş sənətkarlar onun səhnəsində, divarları arasında mükəmməl yaradıcı mühiti saxlamaqla balacaların sevimli məkanı olma missiyasını davam etdirirlər. Mən fürsətdən istifadə edib Azərbaycan milli teatr sənətinin inkişafında fədakarcasına xidmət edən kollektivi təbrik edir və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Tam əminliklə bildirirəm ki, Azərbaycan dövləti daim Azərbaycan teatr sənətinə böyük diqqətlə yanaşacaq, onun inkişafı üçün nə gərəkdirsə edəcək və təbii ki, Dövlət Kukla Teatı da bu sırada ilk yerlərdə olacaqdır.