Beynəlxalq Teatr Tənqidçiləri
   Assosiasiyasının baş katibi Mişel Vais: 
   
   - Əvvəla, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram ki, belə bir festival təşkil edilib. Ötən il Bakıda Beynəlxalq Teatr Konfransında iştirak etmişəm. Həmin tədbir dünyanın bir çox ölkələrindən gələn sənət adamları ilə görüşmək, fikir mübadiləsi aparmaq üçün çox gözəl imkan idi. Bir il əvvəl biz qərara aldıq ki, Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirək. Düşünürəm ki, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında təcrübə mübadiləsinin təşkili, ənənəvi mədəniyyəti inkişaf etdirmək, körpülər qurmaq baxımından çox gözəl fürsətdir. Siz kukla teatrında çox məqamlar tapa bilərsiniz: folklor, milli, ənənəvi detallarla yanaşı, bu teatr həm də müasirliyi, avanqardlığı özündə birləşdirir. Bu həm də yeni texnologiyaların, audiovizual, multimedia elementlərinin tətbiq edildiyi teatr sənətidir.
   Bu gün dünyada qloballaşma prosesi gedir, dünyamız getdikcə kiçilir, təmas imkanları isə günbəgün artır. Bu baxımdan teatrlar arasında əlaqələr də genişlənir, teatrlar çox asanlıqla səyahət edir. İncəsənət adamları tez-tez bir ölkədən digərinə gedir, fikir mübadiləsi aparırlar. Müxtəlif ölkələrdə keçirilən teatr festivalları da bunun üçün yaxşı imkanlar yaradır. Biz teatr tənqidçiləri də müxtəlif ölkələrdəki festivallarda iştirak edərək teatrların inkişafı, yeni tendensiyalarla yaxından tanış oluruq. Teatr hər bir halda fikir yaradır, insanları düşünməyə vadar edir. Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır. Teatr tənqidçiləri də bütün bunları dəyərləndirir, şərh edir.
   İndiyədək dünyanın müxtəlif ölkələrində kukla teatrlarının fəaliyyəti, xüsusiyyətləri ilə tanış olmuşam. Azərbaycana gəlincə, hələ ötən il burada olarkən yəqin etmişdim ki, ölkənizdə teatr çox yaxşı inkişaf edir. Eyni zamanda, burada kukla teatrının yeni eksperimental növü də var və bu çox maraqlıdır. Bir məqamı da qeyd edim ki, Bakının həm ənənəvi, həm də müasir teatrı birləşdirmək baxımından yaxşı imkanları var. Mən bilirəm ki, Azərbaycanda kukla teatrı ənənəsi zəngindir. Bu baxımdan kukla teatrlarınız dünyaya çıxmağa, tanınmağa layiqdir. Teatr həm də yeni texnologiyaların təcrübədən keçirildiyi məkandır. Bu baxımdan siz müasir kukla teatrı elementlərini tətbiq etmək üçün böyük imkanlara maliksiniz.
   Ümidvaram ki, bu festivaldan zəngin təəssüratla ayrılacağam. Biz festivallarda bir çox tamaşalara baxırıq, lakin onlardan bir neçəsi, ən maraqlıları yaddaşımda qalır. Digər yandan, belə festivallarda aktyorlarla, incəsənət adamları ilə bir araya gəlmək, müzakirələr aparmaq çox maraqlıdır. Dünyanın müxtəlif ölkələrinin kukla teatrları Bakıda bir araya gəlib. Bundan gözəl nə ola bilər?! Düşünürəm ki, bu festival bizə həm də böyük stimul verir. Ümid edirəm ki, gələcəkdə Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının iclaslarından biri Bakıda keçiriləcək və biz azərbaycanlı həmkarlarımızla daha yaxından tanış ola biləcəyik.
   
   Mehparə