Əli Nihat Yavşan: “Festivaldan çox məmnun qaldıq, təkrarən qardaş ölkəyə gəlmək istərdik»
   
   Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı Festivalının iştirakçılarından biri də Türkiyənin «Pəmbə Qurbağa» teatrı idi. Noyabrın 4-də türkiyəli sənətçilər Dövlət Kukla Teatrının səhnəsində Əli Nihat Yavşanın «Karagöz» tamaşasını təqdim etdilər.
   
   Ankarada fəaliyyət göstərən bu özəl teatr özündə həm kukla, həm də kölgə teatrı elementlərini birləşdirir. «Karagöz» tamaşası da kölgə teatrı elementləri üzərində qurulmuşdu. Tamaşada rejissorun assisentləri Gülşah Çakmakoğlu və Figen Çakmakoğlu idi. Sehrli sujet xətti üzərində qurulan səhnə əsərində balaca tamaşaçılar maraqlı hadisələrin şahidi oldular. Karagöz və Hacivat adlı iki dost ağac üstündə mübahisə edir və küsürlər. Bu küsüşmə və ünsiyyət zamanı yaranan dialoq tamaşaçılarda xüsusi maraq yaradırdı. Evinin qarşısında ağac görən Karagöz bundan çox narahat olur və bunun günahını Hacivatda görür. Nəticədə aralarında mübahisə yaranır. Mübahisə zamanı ağacın budağı qırılır və bundan əsəbləşən ağac Karagözü uzunqulağa döndərir. Bu vəziyyətə xeyli əylənən Hacivat isə keçiyə çevrilir. İki dost əvvəlki vəziyyətlərinə qayıtmaq istəyirlər. Nəhayət, ağac düşünür ki, onlar artıq öz dərslərini alıblar və dostları əvvəlki vəziyyətinə qaytarır. Karagöz və Hacivat özlərini çox xoşbəxt hiss edirlər. Onlar ağaca ziyan vurduqlarına görə çox təəssüflənirlər. Ona görə də budağı qırıb yenidən əkirlər.
   Tərbiyəvi məqamlarla dolu tamaşa alqışlarla qarşılandı. «Pəmbə Qurbağa» kukla teatrının rejissoru Əli Nihat Yavşana TÜRKSOY-un və Azərbaycan Dövlət Kukla Teatrının diplomları təqdim olundu.
   Tamaşadan sonra Əli Nihat Yavşan rəhbərlik etdiyi teatr haqqında məlumat verməklə yanaşı, festivalla bağlı təəssüratlarını da bizimlə bölüşdü: «Pəmbə Qurbağa» teatrı 1984-cü ildə yaranıb. Mən və köməkçim Figen Çakmakoğlu fəaliyyətə hələ tələbə olarkən başlamışıq. Tamaşalarımızın bəzisində həm kölgə teatrı, həm də kukla teatrı texnikası elementləri birləşdirilib. Teatrımız bu günə qədər bir sıra festivallarda uğurla iştirak edib. Mən özüm Beynəlxalq Kukla Teatrları İttifaqının - UNİMA-nın Türkiyə Milli Mərkəzinin vitse-prezidentiyəm. Teatrımız isə Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının - ASSİTEJ-in üzvüdür. Onu da deyim ki, özəl kukla teatrı qurmaq və idarə etmək Türkiyədə heç də asan deyil. Çünki ona dövlət tərəfindən dəstək yetərli deyil. Müxtəlif yaş qrupları üzrə tamaşalar hazırlayıb göstəririk. Azərbaycana səfərdən və bu festivalda iştirakdan çox məmnun oldum. Burada teatra çox böyük maraq var. Bu isə bizi sevindirir və təkrarən qardaş ölkəyə gəlmək istərdik».
   
   Mehparə