Sergey Orlov: «Kukla teatrı uşaqla onu əhatə edən mühit arasında bir növ körpü rolunu oynayır»
   
   Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı Festivalı çərçivəsində daha bir tamaşa qazaxıstanlı sənətçilər tərəfindən təqdim olundu. Şimali Qazaxıstan Vilayətinin Kukla Teatrı noyabrın 5-də Rus Dram Teatrının səhnəsində «Çil-çil toyuğun tapmacası» tamaşasını nümayiş etdirdi.
   
   Əvvəlcə onu qeyd edək ki, rus xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın fəlsəfi mahiyyəti təkcə balacaları deyil, yaşlı tamaşaçıları da düşünməyə vadar edir. Baba ilə nənə qızıl yumurtanı sındırmıq istəsələr də, hər dəfə siçan onlara mane olur və yumurtanı aparır. Təxminən 45 dəqiqə davam edən tamaşada əhvalat müxtəlif rakurslardan təkrarlanır.
   Süjetin gözlənilməz finalı, əlvan geyimlər və cəlbedici musiqi bu nağılı maraqlı tamaşaya çevirir. Tamaşa boyu hamı baş verənlərə gülür, amma sonda istər-istəməz çil-çil toyuğun tapmacasına cavab verməyə çalışır.
   Tamaşadan sonra Şimali Qazaxıstan Vilayətinin Kukla Teatrının direktoru Sergey Orlovla söhbətləşdik. Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları festivalını yüksək qiymətləndirən həmsöhbətimin sözlərinə görə, kukla teatrı uşaqla onu əhatə edən mühit arasında bir növ körpü rolunu oynayır:
   - Bütün dövrlərdə kukla teatrları ən yaxşı insani keyfiyyətləri olan, sevgiyə, dostluğa sədaqətli personajları ilə fərqlənib. İnsanlar demək istədiklərini məhz bu personajların dili ilə ifadə ediblər. Bizim teatrın yaşı 20 ildən artıqdır. Bu müddət ərzində neçə-neçə istedadlı insanlar bu teatrda çalışıb. Bakıya 9 nəfərlik heyətlə gəlmişik. Mən bu festivalı yüksək qiymətləndirirəm. Festivalda müxtəlif ölkələrdən 20-dək kukla teatrının iştirakı bir-birimizin tamaşalarına qiymət vermək, qarşılıqlı ünsiyyət, təcrübə mübadiləsi üçün yaxşı imkandır. Ona görə də hər teatr truppası arzu edir ki, il ərzində daha çox festivalda iştirak edə bilsin. Biz məsələn, bu il ərzində ilk dəfədir ki, xarici ölkədə keçirilən beynəlxalq festivalda iştirak edirik. Amma buradakı teatrlardan eləsi var ki, bu onların artıq 4-cü, 5-ci səfəridir. Bu festival həm də bir ünsiyyət vasitəsidir. Ona görə də mən təşkilatçılığa görə Azərbaycan hökumətinə, Mədəniyyət və Turizm Nazirliyinə, dəvətə görə isə TÜRKSOY-a təşəkkür edirəm.
   - Nümayiş etdirdiyiniz tamaşanın maraqlı motivi var. Belə bir mövzuya müraciət etməyinizin səbəbi nədir?
   - Bu tamaşanın mövzusu rus xalq nağılından götürülüb. Sadəcə, biz bir qədər dəyişiklik etmişik. İndiki uşaqlar bir qədər başqadır. Ona görə də xalq nağılına bir qədər də müasirlik əlavə etdik ki, onların da marağına səbəb olsun. Təbii ki, hər nağılın bir tərbiyəvi əhəmiyyəti var. Bu nağılda da insanlar təmkinli olmağa, acgöz, tamahkar adamlardan uzaq olmağa səslənir. Düşünürəm ki, balaca tamaşaçılarımızın marağına səbəb oldu.
   - Belə festivallarda tez-tezmi iştirak edirsiniz?
   - İldə bir neçə dəfə. Amma bu festivallar ya Rusiyada, ya da Qazaxıstanın özündə gerçəkləşir. Bir məqamı da qeyd edim ki, o tədbirlər miqyasına və iştirakçılarının sayına görə Bakı festivalı qədər böyük olmur. Qazaxıstanda 6 dövlət kukla teatrı fəaliyyət göstərir. Bundan əlavə, hər şəhərdə kiçik teatrlar da var.
   - Bakıda olduğunuz müddətdə şəhəri gəzə bildinizmi? Təəssüratlarınız necədir?
   - Boş vaxtlarımızda təbii ki, müxtəlif proqramlar üzrə gəzintilərimiz oldu. Qobustanda olduq, qayaüstü rəsmlərə baxdıq. Nə qədər zəngin və maraqlı bir tarixin daşıyıcısıdır Qobustan qayaları? İçərişəhəri gəzmək imkanımız oldu. Şirvanşahlar sarayını, Qız qalasını gəzdik. Olduqca maraqlı təsir bağışladı. Ümumiyyətlə, Bakı həm zəngin tarixi olan, həm də modern şəhərdir. Mən burada ilk dəfə olmağıma baxmayaraq, şəhərinizi çox sevdim.
   
   * * *
   Tamaşada Su pərisi obrazını canlandıran, eyni zamanda teatrın bədii rəhbəri Olqa Labutina da bizə yaxınlaşıb təəssüratlarını bölüşmək istədiyini bildirdi: «Sizin zəngin mədəniyyətiniz var. Burda olduğumuz müddətdə hər gün İçərişəhəri gəzdik və böyük təəssürat aldıq. İnsanlarınız da çox mehribandır. Onlardan nəsə soruşanda böyük həvəslə başa salırlar. Mətbəxiniz də gözəldir. Mən burada olduğum müddətdə kökəlməkdən qorxuram. Yeməyə daha çox kabab və dolma sifariş edirik. Qaldığımız hoteldə xidmətin səviyyəsindən razı qaldıq. Burada dil problemimiz olmadı. Hotel əməkdaşları həm ingiliscə, həm də rusca çox rahat danışırlar və düşünürəm ki, bunun özü də yüksək göstəricidir».
   
   Fəxriyyə Abdullayeva