Özünəməxsus sənət ənənələrinə malik teatrlarımızdan biri də Mingəçevir Dövlət Dram Teatrıdır. Sənət ocağı əsaslı təmir-bərpadan sonra bu il sentyabrın 29-da növbəti teatr mövsümünün açılışı münasibətilə təşkil olunan təntənəli tədbirlə qapılarını tamaşaçıların üzünə açdı.
   Yerli sənətsevərlərin maraqla izlədikləri müxtəlif janrlı tamaşalar hazırlanan teatrda bu günlərdə anşlaqla keçən növbəti premyera gerçəkləşdi. Sənətsevərlər Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyevin quruluşunda dramaturq Əli Əmirlinin ikihissəli “Kişi və qadın” komediyasına tamaşa etdilər. Ailə-məişət mövzusunda olan səhnə əsərində teatrın aparıcı aktyorlarından Şıxı Yaqubov, Sərvər Əliyev, Günel Əhmədova, Zülfü Məmmədov, Fəridə Məmmədova, Ruhəngiz Abdullayeva rol alıblar. Tamaşanın tərtibatçısı Rafael Həşimovdur.    

   Esmira Hacıyeva