Noyabrın 28-də Gənc Tamaşaçılar Teatrının səhnəsində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin birinci Ümumrespublika Teatr Festivalının final mərhələsinə start verilib.
   
   Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə layihəsi əsasında təşkil edilmiş festivalın ideya müəllifi Milli Məclisin deputatı Jalə Əliyevadır.
   Millət vəkili Jalə Əliyeva bildirib ki, 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Millət vəkili festival çərçivəsində “Art-kamp” keçirildiyini də qeyd edib. “Art-kamp”da tanınmış sənət adamları gənclərə ustad dərsi keçib.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev Mübariz İbrahimovun şərəfli ömür yolundan və onun Azərbaycan gəncliyinə örnək olan qəhrəmanlığından söz açaraq bu festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini bildiriblər. Qeyd olunub ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verməklə yanaşı, onlarda teatr sənətinə olan marağı daha da artıracaq.
   Festivalın ilk günündə 4 tamaşa göstərilib.
   Dekabrın 1-dək davam edəcək festivala Gənc Tamaşaçılar Teatrında qala-konsertlə yekun vurulacaq. Həmin gün qaliblərin adları da açıqlanacaq.