Dekabrın 5-də Londonun “The Horse Hospital” İncəsənət Mərkəzində yerləşən “Avanqard” Teatrında görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı Elçinin “Şekspir” komediyasının ingilis dilində premyerası olub. Xalq yazıçısı tamaşanın nümayişində iştirak edib.
   
   “Şekspir” tamaşasının quruluşçu rejissoru “Qrantlers” İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Devid Perridir. Əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters və başqaları ifa ediblər.
   Tamaşadan əvvəl Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qəbul təşkil edib. “Şekspir” tamaşasının ingilis dilində versiyasının rejissoru Devid Perri çıxış edərək bildirib ki, Elçinin dramaturgiyasının müasir dünya teatr sənətində xüsusi yeri var. Yazıçının əsərlərində böyük sənətkarlıqla qaldırılan problemlərin coğrafi sərhədləri yoxdur. D.Perri tamaşanın ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və Avropa Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirib.
   Ölkəmizin Böyük Britaniyadakı səfir Fəxrəddin Qurbanov qeyd edib ki, Elçinin “Şekspir” əsərinin Londonda tamaşaya qoyulması Azərbaycan və Böyük Britaniya arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir sübutudur.
   Sonda “Şekspir” əsərinin müəllifi, Xalq yazıçısı Elçin çıxış edərək tamaşanın yaradıcı heyətinə, səhnə əsərinin ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkürünü bildirib.
   Tamaşa böyük müvəffəqiyyətlə keçib, dəfələrlə alqışlanıb.
   Qeyd edək ki, “Şekspir” tamaşası ilk dəfə Bakıda “Üns” Teatrının səhnəsində nümayiş etdirilib. Sonradan tamaşa Krımda, Moskvada tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Gələn il səhnə əsərinin Türkiyə tamaşaçılarına təqdim olunacağı gözlənilir.
   Premyerada Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, Londonda akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.