(tamaşa üçün boy çiçəyi)
   
   Çox sakit, rahat, əgər belə ifadə etmək mümkünsə, alicənab, nəfis bir tamaşa. Bəlkə də elit bir tamaşa, boy çiçəyinin özü kimi qəşəng bir tamaşa. Düzü, mən gözləmirdim; gözləmirdim ki, “Sən həmişə mənimləsən” əfsanəsindən sonra “Boy çiçəyi” Milli Teatrda belə uğurlu alınar.
   
   Çünki mifi, standartı, qəlibi sındırmaq həmişə çətin. Hərçənd tamaşanın müəllifi, rejissoru və rəssamı Azər Paşa bunu bacarıb; elə bacarıb ki, sən bir dəfə olsun belə Azərbaycan milli teatrının “əfsanəsi”ni məxsusi xatırlamırsan, onu bununla, bunu da onunla müqayisə eləmirsən, tutuşdurmursan. Nədən ki, İlyas Əfəndiyevin hamıya yaxşı tanış “Boy çiçəyi” pyesini sanki tamam yeni bir tarixçə kimi oxuyursan, sanki lap birinci dəfə oxuyursan. Yox, heç də güman eləməyin ki, Azər Paşa nəyisə dəyişib pyesdə və ya İlyas Əfəndiyev mətninə nəsə əlavələr eləyib. Əsla. Pyes elə həmən pyesdir: sadəcə, yozum başqadır, vurğular başqadır.
   Nargilə (Məsmə Aslanqızı) “Boy çiçəyi”nin Azər Paşa versiyasında gözəl deyil, sıradan birisidir, hip-hop üslubunda atılıb-düşən, rep deyən qızlar tipajındadır, geyimi də elə o təhərdir, əfsunlayıcı səsi də yoxdur: amma enerjilə doludur, işıqlıdır və bütün varlığı ilə çalışır ki, öz uşaqlığından, yeniyetməliyindən qurtulsun, özü üçün “kəşf etdiyi” Həsənzadə sevgisilə böyüsün. Həsənzadə sevgisi bu qız üçün evcik-evcik, kukla-kukla oyunu kimi bir şeydir, haradasa elə onların davamıdır və bu oyunlar qədər əyləndiricidir, fərəhlidir.
   Həsənzadəni (Fuad Poladov) isə nisgil, xatirələr, ayrılıq acıları çiynindən basıb köhnəldib, bəlkə də cavan ikən qocaldıb. Nargilə onun üçün bir şansdır: Həsənzadə istəyir ki, indisindən, yaşından, kabuslarından qurtulub öz uşaqlığına, yeniyetməliyinə qayıtsın. Ona görə də Fuadın Həsənzadəsi Nargilənin jestlərini, ədalarını, nəyəsə sevinmək tərzini öyrənmək, təkrarlamaq zövqündən imtina etmir. Səbəbi aydındır: bu ədalar, bu jestlər, bu gülüşlər Həsənzadəni funksiyadan (ata, dul kişi, direktor) canlı insana çevirməyə qabil. Çünki Nargiləylə bərabər onun evinin qapı və pəncərəsindən müasir həyat öz düşüncə, davranış, danışıq manerası ilə, qıvraq ritmləri, çılğınlığı ilə içəri daxil olur.
   Onları bir-birinə doğru itələyən də bu mənəvi, ruhi ehtiyacdır. Həsənzadə Nargilədə gəncliyini axtarır, Nargilə Həsənzadədə - gələcəyini. Lakin... birini gələcəyi irəliləməyə qoymur, ikincini - keçmişi. Gələcək faktların, fiziologiyanın hökmündədir, keçmiş - xatirələrin. Orada da, burada da “olmazlar” sistemi var, qınaqlar, yasaqlar, maneələr var, düşüncə stereotipləri var. İstəklər realdır, di gəl, gerçəkləşməsi - mümkünsüz. Bax, bunun üzərində, bu mental, mənəvi dilemmanın, bu konfliktin üzərində qurulub “Boy çiçəyi” tamaşası.
   Odur ki, hər dəfə Nargilə bir uşaq kimi Həsənzadəni qucaqlayanda o, təslim olurmuş kimi əllərini yuxarı qaldırır. Əla tapıntıdır! Bu mizan bir yandan Nargilə sevgisindəki uşaq motivlərinə işarədir, bir yandan isə Həsənzadəni saf, təmiz, namuslu bir adam kimi tanıdır: yəni mən əxlaqsız kişi deyiləm, fürsətdən istifadə etmirəm. Digər tərəfdən rejissor burada Həsənzadəni sanki Nargilənin (mümkün ki, dövrün, zamanın) əsiri qismində “göstərir” seyrçilərə. Yəni bu mizan yozulduqca yozulur: özü də bu mizanı Fuad zarafatlaşırmış kimi, çumur-çumur oynayırmış kimi (“əl üstə kimin əli?”) təbəssümlə, bir uşaq sevincilə, bir uşaq yüngüllüyü ilə, bir uşaq səmimiyyətilə yerinə yetirir və bizə bir daha deyir ki, Həsənzadə Nargilənin sevgisini bir dəcəllik, bir şıltaqlıq, bir ərköyünlük kimi qavrayır... əvvəl-əvvəl.
   Elə Məsmə Aslanqızı da, Fuad Poladov da ərköyüncəsinə oynayırlar öz rollarını: son dərəcə sərbəstdirlər, hər bir sözə reaksiyaları dəqiqdir, yarımtonlar üzərində rahatca “gəzişirlər”; hər ikisinin “vergül” və “üç nöqtə”ləri yetərincədir. Onların səhnədəki münasibətlərindən o qədər xeyirxahlıq, həlimlik, alicənablıq “damcılanır” ki ətrafa...
   Digər personajlar da Azər Paşanın səhnədə yağlı boyalarla işlədiyi “tablo”sunun vacib fiqurlarıdır. Həsənzadəni Nargilə üçün “ulduz” eləyən təkcə Həsənzadənin özü deyil, həm də Nargilənin anası Nəzakətdir, atalığı Fərəcdir. Nəzakət və Fərəc tarixçəsi “tablo”nun haradasa qaranlıq bir küncüdür. Rejissora lazım olanda həmən küncə projektoru tuşlayır və bu işıq Nəzakətlə (Hicran Nəsirova) Fərəci (Sabir Məmmədov) “dirildib” seyrçilərə göstərir. Sabir Məmmədov Fərəci qalstuklu əbləh qulluqçular padşahı, məmur-diktator kimi tanıdır tamaşaçılara. Nəzakətsə Hicran Nəsirovanın ifasında tipik azərbaycanlı qadınıdır: yumşaq, kövrək, əzabkeş, ailəcanlı və bədbəxt, sevgisizlik qurbanı... Amma burada qəribə bir məqam diqqəti cəlb edir: elə bil ki, Nargilə və Həsənzadə bugünki həyatdan gəliblər səhnəyə, Fərəclə Nəzakətsə keçmişdən... Olurmu, yahu?
   Hərçənd Həsənzadənin keçmişindən təşrif buyurmuş Xurşud xanım Şükufə Yusupovanın ifasında bir xəyal, bir kabus, bir ilğım kimi də gözəldir səhnədə. İş bu ki, tamaşanın atmosferinə, ovqatına, kübarlığına yaraşır bu aktrisa: həmişəki kimi ən kübar aktrisa...
   Mən bir üslub yetkinliyi, bir kamillik gördüm bu tamaşada. Rejissor nə tələsir, nə ləngiyir: əsas budur ki, üslubdan çıxmayasan, ritmi pozmayasan. Bütün aktyorlar, içi Elnar Qarayev (Fərəcov) qarışıq, bu üslubun çərçivə harmoniyasında “əriyirlər”.
   Rejissor və rəssam Azər Paşa dekorları elə düzüb, mizanları elə qurub ki, sanki bütün şəhəri tamaşaya gətirir, şəhəri səhnə oyununun bir hissəsinə, fraqmentinə çevirir. Tamaşada bütün planlar işıqlanır, bütün horizontal və vertikallar işləyir və “oxunur”. Odur, bax, lap arxada hansısa “yaşıl” bir küçənin divarları görünür... Bir az öndə yaşayış massividir: üstündən iri abajurlar asılıb mənzilləri simvollaşdırır. Lap qabaqda isə yenə küçədir, boş küçə, sakinlərin hər gün öz işlərinin dalınca getdikləri küçə...
   Nargiləgilin, Həsənzadənin və Nargilənin xalasıgilin mənzilləri bir xətt boyunca yan-yanaşı düzülüb seyrçinin gözü qarşısında: birindən digərinə rahatca adlayıb keçmək olar. Həsənzadənin “ziyalı” mənzili tən ortadadır və bu bir eyham kimi anlaşılır tamaşada. Çünki faktiki olaraq Həsənzadədən sağda və solda Nargilənin yaşadığı (öz evləri və xalasıgil) mənzillərdir. Nə demək istəyir, bilmədiyimiz hansı bir mətləbi aktuallaşdırır bununla rejissor?
   Məsələ bu ki, tamaşanın müəllifi Azər Paşa birinci və ikinci hissədə olan Nargilələri fərqləndirir və pyesə yeni mənalar sırası gətirir. Həsənzadə Nargiləni uşaqlıqdan böyüklər dünyasına apardı, onu xilas etdi, ona arxa durdu. Birinci hissədə Həsənzadə Nargilə üçün şou dünyasının ulduzu kimi bir kimsədir: qız onu görcək aşıb-daşır, coşur, sevinir. Lakin bu hələ sevgi deyil, uzaqdan vurğunluqdur, heyranlıqdır. Sevgi Azər Paşanın tamaşasında ikinci hissədə gələcək. O vaxt gələcək ki, nə vaxt Nargilə və Həsənzadə bir-birlərini insan kimi kəşf edəcəklər. O vaxt gələcək ki, nə vaxt Nargilə - Həsənzadə münasibətləri ciddiləşəcək, intim yaşantıların bir addımlığına yaxınlaşıb dayanacaq. Təsaddüfi deyil ki, Nargilə ikinci hissədə birinci hissədə geyindiyi reper görkəmini dəyişir, saç düzümünü dəyişir, əyninə haradasa 60-cı illərin dəbinə uyğun, 60-cı illərin dəbini xatırladan bir plaş geyinir və həqiqi sevgi dünyasına adlayır.
   Bundan o yana daha getmək olmaz: yaş fərqi qırmızı işıq yandırıb. Belə ki, Nargilə Həsənzadənin oğlundan da üç yaş kiçikdir!!! Məhz burada Həsənzadə çalışıb Nargilənin anası ilə qızı arasında barışıq körpüsü yaradır, Nargilənin xalasıgildən öz evlərinə dönməsinin mühüm təkanverici faktoruna çevrilir. Elə bu məqamda səhnə fəhlələri gəlib Həsənzadənin evini boşaldırlar, onun mənzilini aradan götürürlər. İndən sonrasına onun otağında xatirələr qalacaq, Xurşud xanımın kabusu qalacaq. Həsənzadə isə gedəcək: gedəcək Gürcüstana. Ayrı bir çarə bulunmaz burda... Çünki duyur ki, daha Nargiləni təkcə uşaq kimi qavramır: nəinki qavramır, hətta özü bir yeniyetmə kimi ona vurulub, onu sevir. Çıxış yolu varmı getməkdən savayı? Əfsus ki, yox! Elə isə, bax, bu çemodan... kitablar... paltarlar... və bu da dibçəkdə bitmiş boy çiçəyi...
   Gözləyin, indicə qatar gələr... Artıq səsi eşidilir təkərlərin... Elə bu an yaşıl bir qatar, - uşaqların oynatdığı çoxvaqonlu qatar, - dəmir yolu ilə irəliləyib meynəqurdu kimi səhnənin önündən keçir və yəqin ki Həsənzadəni buradan götürüb uzaqlaşır, uzaqlaşır...
   
   Əlvida, Nargilə, əlvida...
   Əlvida, Həsənzadə, əlvida...
   
   İlyas Əfəndiyev də pyesi məhz belə düşünmüşdü: onlar bir-birinin ola bilməzlər: bu, yalnız ötəri, romantik yaşantılar idi. Tərbiyə, əxlaq, mənəviyyat sevgilərdən üstündür!!!
   Düzdür, İlyas Əfəndiyev öz qəhrəmanını Gəncəyə yollayır, rejissor Azər Paşa - Gürcüstana. Hə, nə olsun ki? Nə dəyişdi ki? Hə, nə olsun ki, bu tamaşada personajlar mobil telefonlardan istifadə edirlər və pyes yazılarkən mobil rabitə olmayıb... Fərqi nə: onsuz da Həsənzadə telefondan faydalanıb öz işçilərinə göstərişlər verir. Mahiyyətə varın, cənablar, mahiyyətə.
   Mən həmişə ataların dediyinə inanıram: “Su axan yerdən bir də axar!”. Yenidən İlyas Əfəndiyev... Yenidən “Boy çiçəyi”... Və teatrın yeni dirçəlişi üçün bir siqnal...
   Tamaşanın musiqi tərtibatı Paşa Zəfəroğlunundur. Soruşacaqsınız bu kimdir belə? Deyəcəyəm ki, bu da elə Azər Paşanın özüdür. Yəni bütöv, tam teatr-adamdır Azər Paşa: o, öz teatrını heç kəsə ehtiyac-filan duymadan özündən qura bilir, həm müəllif, həm rejissor, həm rəssam, həm də musiqi tərtibatçısı ola bilir. Azər Paşa yaradıcılığında “Boy çiçəyi” tamaşası 80-ci illər teatr estetikasının ən mükəmməl bir təzahürü kimi yadda qalmağa layiqdir!
   Biz yeni teatrı qurmağa Tofiq Kazımovun dayandığı yerdən başlamalıyıq. Bu mənada Azər Paşanın tamaşası çox simptomatik və simvolikdir.

   Aydın Talıbzadə