Nizaminin ölməz əsəri əsasında musiqi layihəsi
   
   Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni musiqi layihəsi gerçəkləşdirilir. Dahi şair və mütəfəkkirin 870 illiyinə həsr olunan layihənin premyerası dekabrın 17-də Heydər Əliyev Sarayında keçiriləcək. Layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi ilə “İrəli” İctimai Birliyi, baş sponsoru “Bakcell”, sponsor “AvroMed” təşkilatıdır.
   “Əfsanə geri dönür” şüarı altında gerçəkləşdirilən müziklin məqsədi qədim Şərq nağılının motivləri əsasında yazılmış “Leyli və Məcnun” poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir. Maraqla gözlənilən tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Laurens quruluş verib. Çarlz Laurens tərəfindən müzikl üçün quruluş verilən rəqsləri tanınmış ifaçı, Əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcək.
   Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnun obrazını Elşad Xose, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəb obrazını isə Oksana Rəsulova canlandırır. Məcnunun atası rolunu görkəmli xanəndə Alim Qasımov, Leylinin atası rolunu meyxanaçı Ağamirzə canlandıracaqlar.
   Layihənin müəllifi və rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev, layihənin əlaqələndiricisi “İrəli” İctimai Birliyinin üzvü Niyaz Əliyev, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlovadır.