Çox müasir bir əsər, çox diri bir tamaşa
   
   Teatr... O, tək elə əsərləri, dram-tamaşaları yox, dövrləri, dövranları, özünü özünə qarşı artıb-azalan sevgi, qədir-qiymət situasiyalarını, maraq macəralarını da oynayır. Kainatda bəşərin təkhakimiyyətliliyindən tutmuş, dünyada cəmiyyətlərin minbir ayın-oyunlarınadək - hər şeyi, hər vaqeəni oynayır.
  
 
   İnsanların “beş-daş”, “evcik-evcik”, “aşıq-aşıq” kimi sələflik oyunlarının xələflik davamı adlandırılası “kasıb-kusub”, “varlı-hallı” qədimliklərini, “daça-maça” yeniliklərini, “kübar-nübar”, “moda-morda” ədalarını da. Əsrlərin, illərin dialektikasını, dillərin ləhcə-şivə dialektlərini də...
   Bəs necə, bəsirət gözlü, aydın üzlü, ziya sözlü vəfalı mütaliəçi sirdaşım, oxucu qardaşım!
   Bəs sən nə bilmişdin, kef işini qaymağa, nəf vərdişini soymağa, “ağıl dişi”ni quymağa proqramlaşdırıb, bütün ömrü uzunu gözünü tele-ekranların yalnız şou-mou proqramlarına zilləyən statistik tamaşaçım!
   Ağzınızda “teatr!” deyirsiz. Babalarımızın “teatro”, atalarımızın “tiyatır” dediyi Teatr!
   Mətləb-məramımızın “təbiət təsviri”nə dair bu qədər. Keçək “cari məsələ”yə. Özü də xeyli dərəcədə real, bir qədər irreal, bir az da fantasmaqorik-yumoristik “Şekspir”ə rəğmən, bir balaca “dodaqqaçdı” üslubunda verdiyim “giriş”dən fərqli olaraq -
   
   Tam ciddi aspektdə
   
   Məsələ doğrudan da ciddidir; bu yaşında bir neçə nəslin diqqətini və paralel olaraq, onların mənəvi-irfani problemlərinin zəhmətini çəkmiş görkəmli yazıçı Elçin “Şekspir” adlı bir pyes yazır və bu tamaşa siyasi-ictimai, qlobal-kriminal hadisələrlə zəngin dünyamızda kültüral hadisəyə çevrilir. İlk dəfə Azərbaycanda (“Üns” Yaradıcılıq Səhnəsində) tamaşaya qoyulan “Şekspir” xarici ölkə səhnələrinin də diqqətini çəkir ki, onların da səviyyə dərəcələrinə işarə kimi, tək elə Moskva və London teatrlarını göstərmək kifayət edər - zənnindəyəm.
   Sonra bizim Akademik Milli Dram Teatrı “Teatr. Çexov. Yalta” Beynəlxalq Teatr Festivalına yollanır. Yaltanın növbəti, Krım Tatar Akademik Musiqili Dram Teatrının isə doğma qonağı olan ana teatrımız kökəncə simsarımız olan o kollektivin timsalında paytaxtımıza dəvət ediləsi doğma bir həmkar görür. Mədəniyyət və Turizm Nazirliyinin bünövrəsini qoyduğu “mədəniyyətlərarası dialoq” layihəsi çərçivəsində öz səhnəsində, belə demək mümkünsə, bir truppa “monoloq”una nail olur. Belə ki, adıçəkilən teatrı Bakıya - qastrola dəvət edir və bu da -   

   Tamaşa bir tamaşa!
   
   2011-ci il, 20 dekabr, saat 19.00. Salon dolu. İki-üç boş yerdə isə... ötən əsrin əvvəlində “Kaspi” qəzetinin: “O, kimdir? O, bütöv bir millətdir!” deyə qiymətləndirdiyi İsmayıl bəy Qaspıralının, qiymətlərini yaxşı bildiyimiz Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun ruhları...
   Tədbir-tamaşanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov açır. Yaradıcı kollektivinin “şəxsi”, xalqımızın ümumi qonaqlarını - özəl bir hiss-həyəcan, dərin bir məhəbbətlə - bir-bir təqdim edir. Özlərinin fəxri sənət qardaşları, millətimizin can-qan arkadaşları haqda isti, fəxarət dolu bir nitq söyləyir. Belə geniş yaradıcılıq meridianları, əlaqələr imkanı yaratdığı üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını, qonaq teatrın bədii rəhbəri və direktoru, quruluşçu rejissoru və rəssamı - Ukraynanın Əməkdar incəsənət xadimləri Bilal Bilalova, Rinat Bektaşevə, GUAM xəttilə Bakıda tamaşalar hazırlamaq üçün Gürcüstan və Moldovadan gəlmiş rejissorlara - Levan Tsuladze və Petru Vutkareuya böyük sənət naminə uzun yollar gəldiklərinə görə təşəkkürünü bildirir.
   
   “Pərdə”siz, “şəkil”siz vaqeələr
   
   Pərdə necə açılmalıydı ki, iştirakçıların hamısı parterdə - bizim ara-bərələrimizdə imişlər. Rejissorun bu traktovkası, təbii ki, müəllifin dramatikasından doğulub: yəni, bu an səhnəyə çıxacaq “ruhi” etiketli, “psix” epitetli “qəhrəman”lar elə bizim içimizdən çıxanlardır ki!..
   Bəri başdan bunu da deyim ki, rus dilini çox gözəl bilə-bilə, tamaşa öncəsi nitqlərini və bütövlükdə tamaşanı öz ana dillərində bəyan edənlərin bəzi sözlərini başa düşə bilməsək də, bu sənət-səhnə “ruhi”lərilə salondakıların ruhları arasında çox sevgili, anlamlı bir duallıq yaşanırdı. Nədən ki, bu dilin dədə-baba kökü, etnos soyu bizə yaxın, tamaşanın rejissoru, yaradıcı heyəti əmiuşaqları, müəllif isə büsbütün özümüzünkü!
   Bəli, klassik Şekspir əbədi və ədəbi dünyaya “Olum, ya ölüm?!” dilemması ilə xitab edirdisə, müasir Elçin “Şekspir”liyə “Kim daha zəngindir?” psixo-təhqiqatıyla ekskurs edir.
   Sonuncu sual həm real səslənir, həm də ruhsal. Açması bir qədər uzun-füzun olsa da, mənası son dərəcə konkretdir: sağlam (?) cəmiyyətin rəyi və müəllifin bədii-dramaturji təxəyyül “göndəriş”ləri ilə ruhi-əsəb klinikasına yığılmış insanlar, yoxsa, heç vaxt, heç zaman unudulmayasıları - saflığı, əqidəliliyi, sədaqəti, məhəbbəti unudub, “beş arşın”dan savay heç nə aparılmayası bu dünya matahlarından bərk-bərk yapışıb-“yaşayan”lar?
   Bu və bundan az maraqlı olmayan digər sosial-psixoloji nüansları gərəyincə əks etdirmək üçün, məncə, yalnız dramaturqluq yetərli deyil. Bununçün yazıçı-dramaturq, hətta, şair-şairanəlik damarına da malik olmaq gərəkdir ki, hələ, sadəcə, “gənc yazıçı” “titul”luğu dövründə “Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası bəs nöşün yoxdur?!” kimi tipajlar ustası, Xalq yazıçısı erasında bitkin obrazlar ustadı, “Dram-teatrımızın epoxası” adlandırılan atası İlyas Əfədiyevin nəsr və dram varisi, gənc yazarların hamisi Elçin bütün bu kompleksallığın daşıyıcısıdır.
   Öz əsrində “Kreml” qəsrində oturub, uşaq vaxtı təsadüfən tanış olduğu - “bütün dünyanı güldürən Çarli Çaplin”in əksinə olaraq, bütün dünyanı ağladan İosif Stalin (Əşrəf Yaqyayev) bu əsərdə, sözün həqiqi mənasında, çox gülməli və ağlamalı vəziyyətə salınıb. İctimai rəydə çox “çətin”, humanist missiya görəvlisi kimi xatırlanan ruhi-əsəb xəstəxanası personalları - Baş həkim (Refat Seyid-Ablayev), Drob-13 (Eldar Cəlilov), Hə (Gülnar Sefedina), Sanitar (Dilavər Səttarov) öz «aqillik» və cahillik cəhrələrilə dünyanın çeşid-çeşid əyriliklərini əyirirlər. Bu mənəvi qaranlıq, məşəqqətli zülmət içərisində künclərə, “ofsayt”lara sıxışdırılmalarından bezməyən Sara Bernar (Lemara Cəlilova), Marslı (Marlen Osmanov) və Ər-arvad (Fatma Asanova-Abdullayeva) isə öz işıqsaçmalarında, aşiqolmalarında!.. Elə tez-tez səslənən alqışlar da bu işıqlıqlara, aşiqliklərə, “ayaq tutsa da, yeriməz”liklərə, “nə qədər nazilsə də - üzülməz”liklərə dair idi. Amma deyim ki, yaxşı, canlı ifa edildiyinə görə, «pis»lərə, “pis”liklərə də əl çalınırdı və sonda saysız çiçək qomları, gül dəstələri bu “antaqon”lara paritet əsasda təqdim edildi...
   Gözəl oyun səhnədəkilərin doğrudan da Krım Muxtar Vilayətinin Əməkdar artisti, isti reaksiya isə salondakıların əsl qonaqsevər xalq olduğunu da nümayiş etdirdi.
   
   Nə qaldı?..
   
   “Baxmaqdan savayı - gözə” yox, olanı, görünəni təsvir etməkdən başqa - sözə...
   Quru təsvirçilikdən özgə, vəsfçilikdən alayı - obrazlı təsəvvürçülük, yazılı təsəvvüfçülük də var, axı. Məsələn, niyə bir vaxtlar bizim “propiska”çılarımız beş-on rubl artıq verən qonşularımızı yox, bu gizli “sevda”dan beş-üç manat kəsən qohumlarımızı qeydə alıb qaqauzları, tatarları “bakılı” etmirdilər ki, bu vaxtlar da bu boyda paytaxtımızdan bir salonluq tatar-tamaşaçı anşlaqı yaranaydı?
   Misalən, nə üçün bizim retro-tamaşaçılarımız o vaxtlar Rusiyadan, Ukraynadan, Belarusdan, hətta, “həyalı” Hayastandan gələn teatrları tam gurultulu, tam sürəkli alqışlarla qarşılayırdılar, indikilər isə “qan-qardaş”stanımızdan buyurmuşları natamam sürəkli, pıçıltıvari gurultulu?..
   Timsalən, nədən öz qınlarını - teatrları bəyənməyən bəzi “tale”-telekanallarımız öz sələfi ilə gözəgörünən, lakin sözə gəlməyən rəqabətdə naxələflik edir, hələ də proletar zövqə işləyib uca “reytinq” uğurları qazanmaqla, elitar zövqdə tam puça çıxdıqlarının fərqinə varmırlar?
   “Atalar üçdən deyib”sə də, birini də söyləmək arzusundayıq: “Futbol Şekspiri üstələdi”sə də, sən “şüşə” səhnələrə bac vermə, sənət qaraçuxamız - «parter»li, «loja», «yarus», «amfitiatr» və digər rəngarəngliklərlə dolu doğal Səhnəmiz, dədə Teatrımız!..
   
   Tahir Abbaslı