Xalq yazıçısı Elçinin əsəri “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində tamaşaya qoyulur
   
   Xəbər verdiyimiz kimi, GUAM ölkələrinin teatr sahəsində strateji əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsi həyata keçirilir.
   
   Layihə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında, Gürcüstan, Ukrayna və Moldova dramaturgiyası nümunələrinin isə Azərbaycanda səhnəyə qoyulmasını nəzərdə tutur.
   Hazırda layihə çərçivəsində Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Tamaşaya Kişineudakı Ejen İonesku adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış moldovalı rejissor Petru Vutkereu quruluş verir. Qeyd edək ki, Elçinin “Şekspir” pyesi ölkəmizdə ilk dəfə “ÜNS” Yaradıcılıq Səhnəsində oynanılıb. Bundan sonra əsər dünyanın nüfuzlu teatr ictimaiyyətinin diqqətini cəlb edib. Bir sıra xarici ölkələrin teatrları, o cümlədən Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən “Avanqard” teatrı, Krım Tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu pyesini tamaşaya qoyublar.
   Bu dəfə isə “Şekspir” əsəri Akademik Milli Dram Teatrında səhnə təcəssümünü tapacaq. Tamaşanın quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada xalq artistləri Şükufə Yusupova, Ramiz Novruz, əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Rəşad Bəxtiyarov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və Aslan Şirinov çıxış edirlər.