102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Son vaxtlar kollektivə daha çox yaradıcı gənclər dəvət olunub. Yanvarın 26-da isə teatrda həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə ümidverici gənclər seçilməsinə imkan verəcək daha bir müsabiqəyə yekun vurulub.
   Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, yaradıcı heyətin tərkibində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, əsaslı təmirdən sonra öz qapılarını yenidən tamaşaçıların üzünə açacaq teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə aktyor, orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək kimi mühüm vəzifələr düşür. Hazırda teatrda kadr çatışmazlığı olduğundan, yeni istedadlı gənclərə, istedadlı aktyor-vokalçılara ehtiyacımız var. Ümid edirik ki, bu seçim nəticəsində yeni adlar üzə çıxacaq”.