Teatrlarda faciə qurbanlarının xatirəsinə həsr olunmuş səhnə əsərləri təqdim ediləcək
   
   Fevralın 26-da Xocalı soyqırımının 20 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 17 yanvar 2012-ci il tarixli sərəncamının icrası ilə bağlı respublikanın mədəniyyət ocaqlarında müxtəlif tədbirlər, anım mərasimləri, sərgilər təşkil ediləcək. Teatrların bir çoxunun repertuarında bununla bağlı səhnə əsərləri, tarixi mövzuda tamaşalar yer alıb.
   
   Akademik Milli Dram Teatrı fevralın 26-da iki tamaşa nümayiş etdirəcək. Tamaşaçılara Mərahim Fərzəlibəyovun quruluşunda Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış «Qarabağnamə» tamaşası və Hüseynbala Mirələmovun «Xəcalət» əsərinin tamaşası (rejissor Bəhram Osmanov) təqdim olunacaq.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrı da Xocalı faciəsi qurbanlarının xatirəsini səhnə əsəri ilə yad edəcək. Teatrda fevralın 26-da «Soyqırım abidəsinin dastanı» tamaşası təqdim olunacaq. Ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən bəhs edən tamaşada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bədii obrazı əksini tapıb. Səhnə əsərinin rejissoru İftixar Piriyev, müəllifi Zehni Papaqçıdır. Tamaşada həmçinin İ.Piriyevin müəllifi olduğu şeirlər də səsləndirilir.
   Teatr Xocalı soyqırımı günündə Qarabağa həsr olunan «Əsgər anası» tamaşasının nümayişini də planlaşdırıb. Ağarəhim Rəhimovun müəllifi olduğu səhnə əsərinə Bəhram Osmanov quruluş verib.
   Şuşa Dövlət Musiqili Dram Teatrı faciənin 20-ci ildönümü ilə bağlı «Xocalıya ədalət» adlı ədəbi-bədii kompozisiya hazırlayıb. Kompozisiyada Hüseyn Cavid, Mehmet Akif Ərsoy, Zəlimxan Yaqub, Xanirə İsgəndərova və Nazir Rüstəmovun şeirlərindən istifadə olunub. Səhnə əsərində həmçinin Qara Qarayev, Arif Məlikov, Xəyyam Mirzəzadənin musiqiləri yer alıb. Kompozisiyanın quruluşçu-rejissoru Loğman Kərimov, quruluşçu-rəssamı Valeh Məmmədovdur. Tədbir üç hissədən ibarət olacaq. Əvvəlcə çıxışlar dinləniləcək. Daha sonra Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunacaq. Sonda isə kompozisiya təqdim olunacaq.
   Bakı Uşaq Teatrı Xocalı soyqırımının 20-ci ildönümünü məktəblilərlə qeyd edəcək. Teatr məktəblərdən aldığı dəvət əsasında fevralın 22-dən 25-nə qədər 10, 214, 32 və 220 saylı orta məktəblərdə «Vətən» tamaşasını təqdim edəcək. Azərbaycanlıların başına gələn faciələri əks etdirən «Vətən» tamaşasını məktəblilərə təqdim etməkdə məqsəd onların biliklərini zənginləşdirmək və tarixi həqiqətləri onlara əyani şəkildə təqdim etməkdir. Tamaşanı Ayşad Məmmədov və İntiqam Soltan hazırlayıb.
   Gənc Tamaşaçılar Teatrı isə Xocalı faciəsinin ildönümü ilə bağlı Vaqif Əlixanlının müəllifi olduğu və Ağalar İdrisoğlunun quruluş verdiyi «Əcəl atı» tamaşasını nümayiş etdirməyi planlaşdırıb.
   Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş "Doğma Qarabağım, Xocalım mənim" adlı poetik kompozisiya hazırlanır. Səhnə əsəri mənfur düşmənlərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətdən və soydaşlarımızın torpağa, vətənə olan sevgisindən bəhs edir. Ssenari müəllifləri Vaqif Vəliyev, Şəlalə Kərimova, quruluşçu-rejissor Asif Şirinov, quruluşçu-rəssam - teatrın baş rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Vaqif Rəhimov, Şəlalə Nəsirova, Məryəm Məmmədova, Sevinc Məmmədova, Gülnar Həsənova, Şəlalə Kərimova, Qaçaq Qarayev, Əli Hüseynov və başqaları çıxış edirlər. Kompozisiya fevralın 25-dən başlayaraq ümumtəhsil məktəblərində, "N" saylı hərbi hissələrdə və rayon ictimaiyyəti qarşısında nümayiş olunacaq.
   
   Gülər Nizamiqızı