Üçüncü zəngdən sonra tamaşaçılar zaldan birbaşa səhnəyə - Buzovna kəndinə düşdülər...
   
   Fevralın 18-də Gənc Tamaşaçılar Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Dolça” povesti və “Toyuğun diri qalması” hekayəsi əsasında hazırlanan “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası oldu.
   
   “Buzovna kəndinin əhvalatları” barədə əvvəlcə bir neçə söz. Bu, ötən illərin Bakı kəndləri, o yerlərin koloriti, məişəti, insanların mənəvi dünyası, adət-ənənəsi, arzusu, düşüncəsi, yaşam tərzi haqqında nostalji duyğulara köklənmiş uğurlu bir tamaşadır. Səhnədə yersiz səs-küydən, çığır-bağırdan, pafosdan, qarışıq səhnə tərtibatından cana doymuş tamaşaçı, axır ki, “Buzovna kəndinin əhvalatları”nda çoxdan axtardığı rahatlığı tapa bildi. Üçüncü zəngdən sonra tamaşaçılar zaldan birbaşa səhnəyə - Buzovna kəndinə düşdülər. Burda onları yaşı bəlli olmayan əncir ağacı, kankanların nə vaxtsa qazdığı köhnə su quyusu, Ağababanın böyük, xoşbəxt, gündəlik qayğılarla yaşayan külfəti, Buzovna kəndinin adamları qarşıladı. Kəndin öz adət-ənənəsi, əxlaq dəyərləri, dünyaya baxışı var. Ağababa öz külfətini dolandırmaq üçün namusla çalışır, halal çörəklə böyüyən uşaqlar ailə qanunlarına tabe olur, böyüklər kiçikləri sevir, kiçiklər böyüklərə hörmət edir. Bu ailənin nizamını nə poza bilər?
   
   Birinci hissənin sonu
   
   Bu yerdə söhbətimizə bir ara verək. Bakı kəndlərində baş verən hadisələr əsasında qurulmuş ikihissəli komediyanın quruluşçu-rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu-rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
   Tamaşada rolları Sərvər Əliyev, Eşqin Quliyev, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Əməkdar artistlər Kübra Dadaşova, Nübar Novruzova, Xalq artisti Ağaxan Salmanlı, Ələsgər Qurbanəliyev, Xalidə Əliməmmədova, Natiq Fərzəliyev və başqaları ifa edirlər.
   Fasilə zamanı Xalq yazıçısı Elçin Əfəndiyev səhnə əsəri ilə bağlı fikirlərini jurnalistlərlə bölüşdü: “Xalq artisti Cənnət Səlimova bir il əvvəl bu əsərləri səhnələşdirmək üçün mənə müraciət etdi, mən də razılıq verdim. Tamaşanın hazırlıq prosesində, məşqlərdə iştirak etdim. Teatrı sevən bir insan kimi deyə bilərəm ki, çox uğurlu tamaşa alınıb. Ona görə ki, Cənnət xanım bu səhnə əsərini yaşayaraq, duyaraq ərsəyə gətirib. Tamaşada iştirak edən aktyorlar, aktrisalar olduqca istedadlıdır və öz rollarını böyük həvəslə oynayırlar”.
   
   Cənnət Səlimova: “Elçin Əfəndiyev zaman-zaman dövrün aktual problemlərini öz əsərlərində ortaya qoyur. Bu əsərdə ötən illərin Bakı kəndindən söhbət açılır. Amma, necə deyərlər, keçmiş zaman olur, amma keçmiş əxlaq anlayışı ola bilməz. Biz bu tamaşada ailə nədir, ailənin sahibi necə olmalıdır, bax, bu dəyərləri göstərmək istəmişik. Möhkəm ailə möhkəm dövlət deməkdir. Məqsədimiz bu anlayışları tamaşaçıya çatdırmaqdır. 70 il bu şəhərdə yaşayan və bu mühitə bələd olan insan kimi çalışmışam ki, Abşeronun ab-havasını tamaşaçıya olduğu kimi çatdıra bilim”.
   
   Yazıçı-dramaturq Əli Əmirli: “Hesab edirəm ki, Cənnət xanım tamaşanı çox gözəl səhnələşdirib. Tamaşa çox canlıdır, böyük zövqlə hazırlanıb. Aktyorların oyununu çox bəyəndim, koloritli oyun nümayiş etdirdilər. Hər kəs öz obrazını tam qavraya bilib. Ümumilikdə səhnənin özündə bir hərəkət, canlanma, dinamika var. Teatr o zaman uğur qazanır ki, tamaşaçı darıxmasın, tamaşanı sona kimi izləsin, personajların hiss və duyğuları ilə yaşaya bilsin. Şəxsən mən bu tamaşada darıxmadım, əsəri böyük maraqla seyr etdim. Hesab edirəm ki, bu əsər çox maraqla qəbul olundu. Bu gün “Buzovna kəndinin əhvalatları” tamaşasının uğurunun şahidi olduq.
   
   Diqqət, ikinci hissə!
   
   Adət-ənənəyə ciddi əməl olunan bu ailənin də öz ehtiyacları var. Ehtiyacları azacıq ödəmək, uşaqlara əyin-baş almaq üçün yay mövsümündə evin bir mərtəbəsini kirayəyə verirlər. Yeni ailə heç də bu evə xoşbəxtlik gətirmir. Varlı, harın, əxlaqi-dəyərləri laxlamış kirayənişinlər evin sakitliyini pozur. İki qütbün insanlarının qarşılaşması heç də yaxşı sonluqla bitmir.
   Bir qədər də səhnədəki buzovnalılar barədə. Bu kənd də adi Azərbaycan kəndlərindən biridir. Xoşbəxt ailələrlə yanaşı bəxti gətirməyən, uğursuz taleyi olan insanlar da az deyil. Xeyransa, xırda-para alverçisi Zübeydə belə insanlardandır. Onların dərdi başından aşsa da, sevincli gündə də, çətin vaxtda da öz adamlarını, qonşularını tək buraxmırlar. Kənd adamlarını bir-birinə bağlayan da elə bu keyfiyyətlərdir.
   Tamaşada iştirak edən bütün aktyorlar öz rollarını məharətlə ifa etdilər. Sərvər Əliyev, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Nübar Novruzova, Kübra Dadaşovanın ifaları təbiiliyi, özünəməxsusluğu və koloritliyi ilə yadda qaldı.
   Səhnə əsərində quruluşçu-rəssamın və bəstəkarın əməyi də tamaşaçıların nəzərindən qaçmadı.
   Siz də ötən illərin “Buzovna kəndinin əhvalatları”nı görmək istəyirsinizsə, yolunuzu Gənc Tamaşaçılar Teatrından salın.
   
   Təranə Vahid