«Qadın məhəbbəti» - bilməyənlər üçün bu iki söz bir situasiyaya düşmüş qadını necə bəsit ifadə edir, bəlkə dilin imkanları azdır, təxəyyülümüz kasıbdır, bəlkə yeni assosiasiyalar gərəkdir...
   
   Viktor Hüqo da vəziyyətin nə qədər ciddi olduğunu anlatmaq üçün «Mariya Tüdor» adında bir pyes yazıb, Gümrah Ömərsə onu Akademik Milli Dram Teatrında «Qadın məhəbbəti» adı ilə tamaşaya hazırlayıb, premyerası keçirilib, müəllifi ilə, baş rol ifaçısı ilə, adı ilə afişalarda tamaşaçını cəzb etməkdədir. Əhvalatdan az-maz xəbəri olansa «Mariya Tüdor» sevdasıyla bu tamaşanı seçir.
   Bu sevgi və qisas haqqında əhvalatın fərqli cəhəti odur ki, burada sevən qadın kraliçadır - Mariya Tüdor. O bir qrafı sevib, qraf da, əlbəttə ki, onu tez-tez başqalarına dəyişib. Böyük mənsəb sahibi olan qadınların intiqamı da böyük olur. Kraliçanın qürurunu, qadın mənini tapdamaq qrafa yüngül cəzalarla başa gəlməz. Yəni bir var adi bir qadını aldatmaq, bir var kraliçanı. Əzablar eyni olsa belə, kraliçanın özünə hörmət, qürur hissləri çox olsun gərək. Hər halda kraliçanın intiqamı dəhşətli olmalıdır. Həm də kraliça haqlı deyilmi? Bu yerdə sevginin mahiyyəti barədə... amma bir iki abzas sonra.
   Kraliça onu aldatmış məşuquna sui-qəsd ittihamı uydurur və artıq qrafın suçu dövlətə, taxt-taca qəsd kimi qəbul olunmalıdır. Mariya özü qrafı edam kötüyünə itələyir, sonra da onu oradan xilas etmək üçün yollar axtarır. Bu sui-qəsd uydurmasında Mariyanın bir köməkçisi var - o, qrafla görüşən qızın nişanlısı, adi bir fəhlədir. O da intiqam almaq istəyir. O, kraliçaya qrafdan intiqam almağa kömək edir, kraliça peşmanlayanda isə rəqibindən, fəhlənin nişanlısı olan bu cavan qızdan kömək istəyir. Qız xilas edir, amma kimi? Fəhləni. Deməli, bağışlamağı bacarmaq, düşünməmək, bəlkə də bu qız kimi hər şeyi sadə qəbul etmək lazım imiş, hər halda xoşbəxtlik onların olur.
   Məsələ sevginin mahiyyətindədirmi? Əsrlərlə ədəbiyyata, cinayətlərə mövzu olmuş xəyanət, adi kəndlidən kraliçaya, alimə, yazıçıya, bəstəkara, rəssama, şairə qədər hər kəsi ayırıb-seçmədən axtarıb tapıbsa, bu yerdə nə düşünməli?
   Kraliçanı, onun kimi xəyanətə uğramışları incidən nədir? Qürurmu? Şəxsiyyətinə sayğısızlıqmı? Qadın mənliynin tapdanmasımı? Ona aid olanın qəflətən əlindən çıxma qorxusumu? Yalan, aldanış, nə? Əlbəttə, hamısı. Hamısı bir yerdə xorla kraliçanı, əzir, incidir. Sevgi hara qədər inkişaf etməlidir ki, bunlar umurunda olmaya? Sevimli adamının bu hallarını səbrlə, müdrikliklə qarşılayasan? Cinslər arasındakı bu ölümcül hissdən bu qədərini gözləmək olarmı? Bir sevgi əhvalatından bu qədər suallara cavab tapmaq üçün bu tamaşa çox dardır, hətta maneədir. Kraliça rolundakı Məleykə Əsədovanın kostyumlarına, «bütün kişilər xəyanət etmirmi?» replikalarına əl çalan adamların arasında mümkünsüz bir işdir. Tamaşa (rej. Gümrah Ömər), sadəcə, göstərir, heç nə demir. Sanki bu əhvalat üzərində düşünmək üçün isti, rahat bir yerdir Akademik Teatr. Dekorlar (Ramin Bəykişiyev) heç nə demir. Aktyorlar nəyəsə işarə vurmur.
   Əvəzində səliqəli, arxayın və yığcam şəkildə əhvalatı göstərirlər. Nə bir əskik, nə bir artıq. Sanki hə şeyi əvvəlcədən düşünüblər - Mariyanı əzablar içində qıvrıla-qıvrıla tək, təsəllisiz, ümidsiz qoymaq üçün...
   
   Aliyə