Əlişir Nəvai adına Özbəkistan Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının yeni quruluşda ilk tamaşası olub.
   Tamaşanın quruluşçu-rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov, dirijoru Özbəkistanın Xalq artisti Dilbər Əbdürrəhmanovadır. 
   Premyerada xarici ölkələrin Özbəkistandakı səfirləri, ədəbiyyat və incəsənət xadimləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və diasporumuzun nümayəndələri iştirak ediblər. Tamaşada Manriko partiyasını uzun illər bu teatrda çalışan Nemət Sinhəbibi, Ferrando rolunu isə azərbaycanlı aktyor Cəbrayıl İdrisov ifa ediblər.
   Qeyd edək ki, Cüzeppe Verdinin bu teatrın səhnəsində tamaşaya qoyulmuş altı operasından beşinin quruluşçu-rejissoru Firudun Səfərovdur. Firudin Səfərov 13 il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru işləyib və bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun” operalarına quruluş verib.
   Bu gün həmyerlimiz Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmət göstərir. O, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi idarə heyətinin üzvüdür.