Martın 6-da Akademik Milli Dram Teatrında görkəmli yazıçı-dramaturq Elçinin «Şekspir» pyesinin premyerası oldu. Premyerada müəllif, Xalq yazıçısı Elçin, millət vəkilləri, hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.   

   Xatırladaq ki, Azərbaycanda ilk dəfə «Üns» Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan «Şekspir» pyesi az vaxt ərzində dünya teatr ictimaiyyətinin də diqqətini çəkib. Bir sıra xarici ölkələrin teatrları, həmçinin Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən «Avanqard» Teatrı, o cümlədən Krım Tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət edib. «Şekspir»in Akademik Milli Dram Teatrının səhnəsinə gəlişi də təsadüfi deyil.
   Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən «GUAM-ın teatr məkanı» layihəsinin tərkib hissəsidir.
   GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan layihə çərçivəsində ötən il Milli Dram Teatrının Ukraynaya qastrol səfəri gerçəkləşmiş, Krım Tatar Akademik Musiqili Dram Teatrının Elçinin «Şekspir» əsəri əsasında hazırladığı «Xəstə könül» tamaşası Bakıda nümayiş olunmuşdur. Moldovalı rejissor, Kişinyovda fəaliyyət göstərən Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri Petru Vutkereunun quruluşunda Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şekspir” tamaşası da bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir.
   Tamaşanın tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu-rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Xalq artisti Ramiz Novruz (Stalin), əməkdar artistlər Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) Anar Heybətov (Drob 13) və başqaları çıxış edirlər.
   “Şekspir”i görmək istəyənlər martın 10-da və 11-də yollarını Akademik Milli Dram Teatrından sala bilərlər.
   Biz isə “Şekspir”in premyerasında gördüklərimizi, eşitdiklərimizi ətraflı şəkildə qəzetimizin növbəti sayında oxuculara təqdim edəcəyik.   

  Təranə Vahid