Akademik Milli Dram Teatrının kollektivi martın 12-də XI Slavia Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Belqrada gedib. Martın 9-da başlanan festival ayın 17-dək davam edəcək. Sənət bayramında Rusiyanın Ulyanovsk vilayətinin «İvan Qonçarov» Teatrı, «Rus ruhu» kiçik ansamblı, Rumıniyanın Klyuj-Napoka Milli Teatrı, Konstantin Veliçkov adına Bolqarıstan Milli Dram və Kukla Teatrı, Tehran «Sina Qrup» Teatrı, Bosniya və Herseqovinanın Milli Teatrı və digər ölkələrdən teatrlar iştirak edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda martın 14-də Hüseynbala Mirələmovun «Xəcalət» tamaşası ilə çıxış edəcək.
   Qeyd edək ki, iki hissəli «Xəcalət» dramının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Tamaşa Qarabağ probleminə həsr olunub. Rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu ifa edirlər.
   
   Gülər