Şekspirin məşhuri cahan «Hamlet» əsərində Hamlet küçə aktyorları ilə «Siçan tələsi» adlı bir tamaşa hazırlayıb xəyanətkar əmisinə və anasına göstərir. Bu, tamaşa içində bir teatr modelidi. Həm də Hamlet dediyimiz bədbəxt bununla kral əmisini hədəfə alır. Özü də kənardan əmisinə və anasına baxır ki, görsün, düz nişan alıb, yoxsa yox.
   
   Emir Kusturitsanın «Underqraund» filmində isə əhvalat II Dünya müharibəsi dövründə Serbiyada baş verir. Qəhrəmanlar silah alverçiləridi: hər iki tərəfə - almanlara da, partizanlara da silah satırlar. «Çernıy» və Marko. Müharibə bitəndən sonra bu alverçiləri kommunist veteranı, milli qəhrəman elan edəcəklər. Hələliksə onlar almanlara silah satır, aldıqları pullarla cəhənnəm kimi müharibə meydanında kef-damaqla yaşayırlar. “Çernıy” ləqəblinin bir məşuqəsi var - teatr aktrisası. O, aktrisanı pərəstişkarlarından birinə, alman zabitinə qısqanır. Alman zabitinin də zalda olduğu tamaşaların birində əlisilahlı Çernıy mizanı gözlənilən aktyorun yerinə səhnəyə çıxır və tamaşanı tamamən dəyişir. Bayaqdan aktrisanın saxta ah-uflarına nəfəs çəkmədən baxan tamaşaçılar gözlənilməz gəlişdən heç nə anlamırlar. Çernıy heç kimə izahat vermədən məşuqəsini «almanların qarşısında oynayırsan?» deyib şillələyir, aktyorlardan birini kəndirlə sarıyır və səhnədən zala atəş açmağa başlayır. Şaşırmış tamaşaçılar qorxu içində qaçmağa başlayırlar. Çünki bir anda tamaşaçı yox, iştirakçı ola biləcəklərini anlayırlar.
   Əslində Kusturitsa bu filmin içində teatra da münasibətini bildirir. Faşizm zamanında müharibə alovları içində pafoslu, saxta nitqlərə diqqət kəsilən tamaşaçı “Çernıy”ın gəlişindən sonra tamamən dəyişir. Səhnə əsərinə son verən, tamaşanı pozan bu epizod əslində özü bir tamaşadı. Zəmanənin dəyişməsi, faşizmin vəhşiliyi, vərdiş olunan qaydaların bir anda darmadağın olması barədə tamaşa. Bəli, zəmanə dəyişir...
   
   * * *
   Şekspir dövründə vaxt var idi, tamaşaçılar edama yığışdığı qədər həyəcanla teatra gəlirdilər. Şekspir də onları peşman etmirdi, hər tamaşada iştirak edənlərin az qala yarısı səhnədə ölürdü. O dövrün tamaşaçıları da bir başqa tamaşaçılar idi. Bəlkə də o zamanlar onları öldürmək asan imiş, ovçu dililə desək, özləri gülləyə gəlirmişlər.
   Bir-iki ay əvvəl bir teatrda Şekspirin dünyada ən qəmli əhvalat hesab etdiyi «Romeo və Cülyetta» faciəsinə baxdım. Tamaşada, səhnədə aktyorlar bir-birini hərfi və məcazi mənada öldürürdülər. Hərfi mənada ona görə ki, pyesə görə bir-birini öldürməli idilər, məcazi mənada ona görə ki, niyə, necə, nə üçün oynadıqlarını bilmədən bir-birinə toxunur, zədələyir, bununla da aktyor kimi bir-birilərini yorur, özlərini «öldürürdülər». Lazım idi ki, onlar tamaşaçını «öldürsünlər», ölümcül yaralasınlar. Sənətlə yaralasınlar. Tamaşaçı «Romeo və Cülyetta»ya baxdım», yox, «Romeo və Cülyetta ilə yaralandım» deməlidir. «Tamaşaçı həmişə haqlıdır». Bunu elə baxdığım «Romeo və Cülyetta»nın rejissoru, qutsal dəyərləri tamaşalarında fədakarlıqla, peşəkarlıqla bizə göstərən Cənnət xanım deyib mənə. O Cənnət xanım ki, illər əvvəl «Don Rafael Trambonçu» adlı bir tamaşası ilə qəlbimi parçalaya bilmişdi. «Romeo»da olmadı.
   
   * * *
   Ötən əsrin əvvəlində teatr dünyasının ən anlaşılmaz, ziddiyyətli adamı, rejissor, teatr nəzəriyyəçisi Antonen Arto «Teatr tamaşaçını sarsıtmalı, şoka salmağı bacarmalıdır» deyirdi. Tamaşaçını öldürmək lazımdı. Heç olmasa yaralamaq lazımdı. Amma əsas olan hədəfi düz seçmək, düz nişan almaqdı...
   
   Aliyə