Opera və Balet Teatrında Motsartın məşhur operasının premyerası
   
   Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın məşhur «Cosi Fan tutte» («Hamı belə edir») operasının premyerası olub. Klassik opera sənətinin incilərindən biri, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyən əsərə Bakı səhnəsində tanınmış ukraynalı rejissor Nikolay Tretyak quruluş verib. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu isə Xalq artisti Mədinə Əliyevadır.
   Tamaşada əməkdar artistlər İnarə Babayeva və Əkrəm Poladov, habelə teatrın gənc solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştandt iştirak edirlər.
   Tamaşanın quruluşçu rejissoru N. Tretyak bildirib ki, vaxt məhdudluğuna görə tamaşanın quruluşunda müəyyən çətinliklərə baxmayaraq, aktyorların və tamaşanın ərsəyə gəlməsində əməyi olanların yüksək professionallığı sayəsində maraqlı səhnə əsəri alınıb.   

  Gülər