Mayın 20-dən 25-dək Minskdə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin I Opera İncəsənəti Forumu keçiriləcək. Opera İncəsənəti Forumu MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşəcək.
   Bu barədə məlumat verən Belarus Böyük Milli Akademik Opera və Balet Teatrının baş direktoru Vladimir Qridyuşko bildirib ki, tamaşalarda əsas partiyaları 16 gənc solist ifa edəcək. Forum müddətində peşəkar repetitorlar, fransız və italyan dili üzrə musiqi mütəxəssisləri gənc artistlərlə işləyəcəklər.
   Belarus Böyük Teatrının səhnəsində Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistandan olan solistlərin ifasında C.Puççininin “Bohema”, P.Çaykovskinin “İolanta”, C.Verdinin “Riqoletto” və “Traviata” əsərləri səslənəcək. V.Qridyuşko bildirib ki, Minsk forumunun ən yaxşı iştirakçıları dəvət edilmiş solistlər kimi Belarus Böyük Teatrında daimi işləmək imkanı əldə edəcəklər.