Mayın 10-14-də Sankt-Peterburqda Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, Sankt-Peterburq Dövlət Musiqili Kamera Teatrı və Beynəlxalq Teatr İnstitutunun Rusiya Milli Mərkəzi ilə birlikdə «Russian musical theater NOW» adlı beynəlxalq konfrans keçiriləcək. Dünya teatr məkanının tanınmış simalarının iştirak edəcəyi tədbirə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev də dəvət olunub. O, konfrans iştirakçılarına Azərbaycanda teatr sənətinin inkişafı barədə məlumat verəcək. Direktor həmçinin Musiqili Komediya Teatrının xaricə qastrol səfərləri, aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi barədə məsələləri müxtəlif ölkələrdən olan həmkarları ilə müzakirə edəcək.