Mayın 6-da Estoniya Dram Teatrının səhnəsində ingilis yazıçısı David Edqarın “Nelipühad” (“Üçlük”) tamaşasının premyerası olub. Bolqar rejissor Mladen Kiselovun quruluş verdiyi tamaşa ötən əsrin 90-cı illərində dünyada baş vermiş münaqişələrdən söhbət açır, bu müharibələrin nəticəsi olaraq qaçqınların və məcburi köçkünlərin acınacaqlı həyatına toxunur.
   Səhnə əsərində Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilir. Münaqişənin qurbanı olan Qarabağ qaçqını Raufun acınacaqlı taleyindən danışılır. Ən maraqlısı odur ki, Rauf (rolun ifaçısı eston aktyoru Mert Avandi) tamaşa boyu bəzən Azərbaycan dilində də danışır. Aktyorun Azərbaycan dilində sözləri düzgün tələffüz etməsi üçün teatrın rəhbərliyi “Azərbaycan Bazar Günü məktəbi”nin rəhbəri Sənəm Əliyevanı məşqlərə dəvət edib.