“Belə layihələr yaradıcılıq mübadiləsinə təkan verir”
   
   Beynəlxalq teatr əlaqələrinə böyük önəm verən, maraqlı təşəbbüslərlə çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu günlərdə daha bir layihə reallaşıb.
   
   Xəbər verdiyimiz kimi, Macarıstanın təcrübəli teatr rejissoru, Alternativ və Müstəqil Teatr Assosiasiyasının prezidenti Hudi Laszo Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinə ustad dərsləri keçib. Məlumat üçün bildirək ki, Hudi Laszlonun rəhbəri olduğu teatr 50-dən artıq ölkədə qastrol səfərində olub. Ən çox uğur qazandığı tamaşalar sırasında “Janna Dark” (1995), “Romeo və Cülyetta” (1996), “Kişi faciəsi” (2000), “Don Juan” (2001) və s. başqa səhnə əsərlərini qeyd edə bilərik.
   Teatrda daha hansı əcnəbi rejissorlarla işbirliyi, yeni layihələri nəzərdə tutulur? Bu sualımıza teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov cavab verdi: “Bu ilin noyabr ayında Azərbaycanda II Beynəlxalq Teatr Konfransının keçirilməsi nəzərdə tutulur. Bu konfrans ərəfəsində Bakıya gələcək qonaqlar sırasında üzvü olduğumuz ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası - red.) baş katibi İvitsa Simic də olacaq. Konfrans müddətində əlavə olaraq treninqlər və ustad dərslərinin də keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, noyabr ayına qədər də teatrımızda əcnəbi rejissorları görə bildik.
   Əslində ustad dərslərinin məqsədi sənət mübadiləsidir. Məsələn, bu günlərdə teatrımızda qonaq olan macar rejissoru bizim aktyorların məşq prosesinə maraqla tamaşa etdi. Yaradıcı heyətin potensialını yüksək qiymətləndirdi. Belə ustad dərsləri yaradıcılıq mübadiləsinə təkan verir. Bu mübadilə sayəsində dünya teatrında baş verən yeniliklər, teatr prinsipləri, rejissor yozumu və s. haqqında maraqlı məlumatlar əldə edirik. Öz növbəmizdə təcrübəmizi onlara nümayiş etdiririk, onlar da öz yeniliklərini bizim teatrla bölüşürlər. Bu da dünya teatrına inteqrasiyanın bir istiqamətidir. Bütün bu layihələr "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir”.
   
   Lalə Azəri