Mayın 17-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Əsli və Kərəm” operasının 100 illiyinə həsr olunmuş konfrans keçirildi. Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov 100 il əvvəl mayın 12-də ilk dəfə tamaşaya qoyulan “Əsli və Kərəm” operası barədə iştirakçılara məlumat verdi. Qeyd etdi ki, Üzeyir bəyin bu ölməz əsəri ötən əsrin əvvəllərində böyük marağa səbəb olub, zaman-zaman opera barədə maraqlı fikirlər səslənib. 100 il ərzində müxtəlif rejissorlar tərəfindən müxtəlif quruluşlarda tamaşaya qoyulan “Əsli və Kərəm” operasında Kərəm obrazının ilk ifaçısı Hüseynqulu Sarabski olub. Əsərin bu gün də Akademik Opera və Balet Teatrının daimi repertuarına daxil edilməsini məqsədəuyğun hesab edən Sərdar Fərəcov “Biz bu operanın qədrini-qiymətini bilmək üçün onu dəfələrlə dinləməliyik. “Əsli və Kərəm” Üzeyir bəyin ən qiymətli incilərindən biridir”.
   Konfransda Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov Üzeyir bəyin “Əsli və Kərəm” operası barədə tarixi faktları diqqətə çatdırdı. Qeyd etdi ki, XX əsrdə bizi dünyaya tanıdan ən böyük mədəniyyət xadimi müsəlman və türk dünyasında ilk operanın yaradıcısı Üzeyir Hacıbəylidir.
   Tədqiqatçı alim ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm” operası haqqında yazdığı məqalələr ətrafında danışaraq iştirakçılara məlumat verdi. Bildirdi ki, M.Ə.Rəsulzadə “Əsli və Kərəm” operası barədə qiymətli fikirlər söyləmişdi. Alimin qeyd etdiyi faktlar konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
   Konfransda Bakı Musiqi Akademiyasının professorları Zemfira Qafarova, Tərlan Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, fəlsəfə elmləri namizədi Əminə Tuncay, Üzeyir Hacıbəylinin ev-muzeyinin böyük elmi işçisi Sevinc Quliyeva, dosent Jalə Quliyeva “Əsli və Kərəm” operası mövzusunda maraqlı məruzələr etdilər.
   
   Təranə Vahid