Böyük ədibin 200 illik yubileyinə həsr olunmuş Milli Teatr Festivalı
   
   İyunun 1-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli ədib, mütəfəkkir, maarifçi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə Milli Teatr Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikası Prezidentinin «Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında» 13 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq təşkil edilib.
   Milli Teatr Festivalının açılışı iyunun 1-də Mingəçevir Dövlət Dram Teatrında keçiriləcək. Sənət bayramının birinci mərhələsi (1-8 iyun) Mingəçevirdə, ikinci mərhələsi (8-25 iyun) Bakı şəhərində gerçəkləşəcək. Festivalda respublika teatrlarının böyük ədibin əsərləri əsasında hazırladıqları tamaşalar təqdim olunacaq.
   Festival günlərində Dövlət Teatr Muzeyinin M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş səyyar fotosərgisi də nümayiş olunacaq.