Belarus paytaxtı Minskdə keçmiş sovet ölkələri gənclərinin I Opera Sənəti Forumu keçirilir. Forum MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşir.
   Layihənin məqsədi Birlik iştirakçısı olan dövlətlər məkanında opera sənətində yeni adlar kəşf etmək, ən istedadlı və perspektivli yaradıcı gəncləri dəstəkləməkdir. Forumda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Latviya, Gürcüstan və digər ölkələrdən 11 müğənni iştirak edir.
   Forum iştirakçıları gənc olmalarına baxmayaraq, beynəlxalq müsabiqələrin laureatları olublar, MDB və uzaq xarici ölkələrin ən iri teatrlarında çıxış edirlər. Bununla belə, onlar Minskdə çox təcrübəli dirijorlarla işləmək sayəsində qiymətli vərdişlərə yiyələnəcəklər.
   Belarusun Böyük Opera və Balet Teatrı fəxri diplomlar və xüsusi sertifikat təsis edib. Sertifikata layiq görülənlər Böyük teatrda dəvət edilmiş solist kimi daimi işləmək hüququ qazanacaqlar.