Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilmiş pyes
   
   Yazıçı-dramaturq Əli Əmirli çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr etdiyi “Siz teatrı sevirsinizmi?” pyesini tamamlayıb.
   
   Dramaturq bildirib ki, universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılmış pyesi sənədli-bədii kollaj kimi qələmə alıb.
   Müxtəlif dövrlərdə yaşamış bir çox məşhur tarixi şəxsiyyətlərin yer aldığı əsərdə müəllif 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə ilkin olaraq yaradılmış teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun ayrı-ayrı inkişaf mərhələlərini keçərək Azərbaycan Teatr İnstitutuna, daha sonra Azərbaycan İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə çevrilən sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışıb.
   Universitetin yubileyi ərəfəsində səhnəyə qoyulacaq bu əsərdə tamaşaçılar Vissarion Belinski, Konstantin Stanislavski, Hüseyn Ərəblinski kimi ədəbiyyat, mədəniyyət, teatr korifeyləri ilə yanaşı, Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olmuş Şövkət Məmmədova, Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov kimi unudulmaz sənətkarların obrazlarını da görə biləcəklər.