Ecazkar Abşeron və onun sehr dolu aləmi bir çox ədəbi nümunələrin, musiqi əsərlərinin mövzusu olub. Bu mövzu rəssamlığımızdan da xüsusi bir xətlə keçir. Amma bu günədək Abşeron obrazını səhnədə tam fərqli, müasir və ən əsası həvəskarların ifasında izləməmişdik.
   
   İyunun 2-də Dövlət Akademik Opera və Balet Teatrına gələn tamaşaçılara incəsənətin ən müxtəlif elementlərinin bir arada təqdim olunduğu bir maraqlı teatral nümunə - “Abşeron barədə əfsanə” adlı muğam improvizəsi və xoreoqrafik pantomima elementləri əsasında səhnələşdirilmiş musiqili tamaşa təqdim olundu. Səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, “DİDİ İnternational” terapevtik mərkəzi və “RotarAct” gənclər təşkilatının kreativ art qrupunun təşkilatçılığı ilə hazırlanıb. Tamaşadan öncə səhnəyə çıxan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə tamaşanın əsas qəhrəmanları olan uşaqlar başda olmaqla bütün balacaları təbrik etdi, dünyamızın sevinci adlandırdığı uşaqlara şən, firavan həyat arzuladı.
   Bu gün münasibətilə ölkəmizdə təşkil edilmiş silsilə tədbirlərdən söz açan idarə rəisi ümummilli lider Heydər Əliyevin gələcəyimiz olan uşaqlara daim böyük diqqət və qayğı göstərdiyini minnətdarlıq hissi ilə xatırlatdı, bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğuladı. Heydər Əliyev Fondunun fəaliyyətindən də söz açan natiq qurumun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqların bu günü və xoşbəxt gələcəyi naminə gördüyü işləri diqqətə çatdırdı.
   Sonra 14-16 yaş arası musiqi və idman məktəblərinin şagirdləri, görmə qabiliyyəti zəif, eşitmə və danışma qabiliyyəti pozulmuş və digər sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırlanmış tamaşaya baxış oldu. Ümumilikdə 96 uşağın, o cümlədən şou hazırlığı ilə məşğul 30 mütəxəssis və könüllünün ərsəyə gətirdiyi tamaşa bir sıra elementləri ilə ilklərə imza atmış oldu. Belə ki, Azərbaycanın dramaturgiya təcrübəsində ilk dəfə olaraq səhnədə bu torpağın özünəməxsus səsi və xarakteri - “Abşeron” obrazı yaradıldı. Abşeronun dənizlə poetik dialoqu üzərində qurulmuş tamaşa Azərbaycanın qədim rəmz və arxetipləri ilə illüstrasiya edilməklə maraqlı bir ahəng yaratmışdı. Ürəyin döyüntüsü qaval ritmi ilə canlandırılmış, “qaval” isə digər səhnədə günəşin diskinə çevrilmiş, küləklər neyin səsindən əmələ gəlmiş, tarın səsi Abşeron yağışının səsindən yaranmışdı. Bu maraqlı sintezin kulminasiya nöqtəsi isə Azərbaycanın səsini əks etdirən muğam oldu. Bu məqamda səhnəyə görkəmli muğam ustası, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova çıxdılar. Əsrarəngiz muğamla sona yetən tamaşa sürəkli alqışlarla qarşılandı.
   
   Həmidə